Ermənistan hakimiyyəti xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq əldə etmənin hazırda bir neçə ay çəkən sadələşdirilmiş qaydasını ləğv etməyi planlaşdırır. Dəyişikliklər hökumət tərəfindən təsdiqlənərsə, 2028-ci il yanvarın 1-dən etibarən Ermənistan pasportunu yalnız ölkədə ən azı 2 il yaşamış və fiziki olaraq onun ərazisində azı 366 gün olmuş erməni diasporu nümayəndələri əldə edə biləcəklər. Digər müraciətçilərdən isə 5 il müddətində qanuni yaşamaq tələb olunacaq.
“Biz daim özümüzə sual veririk: say baxımından çoxlu vətəndaşa, yoxsa keyfiyyətli vətəndaşlara sahib olmaq istəyirik? – Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan DW-yə bildirib. – Biz keyfiyyəti Ermənistan Respublikası ilə vətəndaş arasındakı əlaqə ilə müəyyənləşdiririk. Əgər Ermənistan Respublikasının vətəndaşı olmaq istəyirsənsə, bu ölkədə yaşamalısan. Bütün bu prosesdə başqa variant yoxdur”.
Erməni politoloq Qrant Mikaelyan DW-yə bildirib ki, pasportların verilməsi prosedurunun çətinləşdirilməsi həm daxili siyasi, həm də xarici hadisələrlə bağlıdır.
“Hakimiyyət diasporun siyasi proseslərdə iştirakından mərhələli şəkildə uzaqlaşdırılmasına çalışır. Çünki diasporaya ölkə daxilində yaşayan vətəndaşlara tətbiq olunan eyni təsir mexanizmlərini tətbiq etmək mümkün deyil”, – deyə o izah edib.
Ekspert həmçinin Ermənistanın qonşu dövlətlər – Azərbaycan və Türkiyənin mövqeyinə yüksək həssaslıq göstərdiyini vurğulayıb. Onun fikrincə, bu ölkələr erməni dünyasının parçalanmasında və ənənəvi birlik paradiqmasının pozulmasında maraqlıdır.
Mikaelyanın sözlərinə görə, vətəndaşlıq institutuna yenidən baxılması bu istiqamətdə atılan ilk addım deyil. Bir neçə ay əvvəl Ermənistan hakimiyyəti seçki hüquqları ilə bağlı məhdudiyyətləri təsdiqləyib. Belə ki, parlament seçkiləri və referendumlarda səsvermə hüququ yalnız son iki il ərzində ölkədə faktiki olaraq ən azı 366 gün yaşamış vətəndaşlara saxlanılıb.
Bu qərar İrəvanın, ilk növbədə Rusiyadan olmaqla, xaricdən seçicilərin mütəşəkkil şəkildə Ermənistana gətirilməsi barədə yayılan məlumatlara cavabı olub.
Ağagül Mürsəlov,
KONKRET.az
