Litva hökuməti rusiyalı və belarusluların strateji obyektlərin yaxınlığında daşınmaz əmlak almasına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Hökumətin təsdiqlədiyi sənədə əsasən, məhdudiyyətlər qüvvədə olan yaşayış icazəsinə malik şəxslərə də şamil ediləcək. Lakin daşınmaz əmlakın mülkiyyət hüququnun vərəsəlik yolu ilə əldə edilməsi bu qadağadan istisna təşkil edəcək.
Qanun layihəsi Seym tərəfindən də təsdiqlənərsə, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Oxşar məhdudiyyətlər artıq Latviya və Finlandiyada da tətbiq olunur.
Sənəddə bildirilir ki, qadağanın məqsədi ölkədə kəşfiyyat fəaliyyətini və hərbi təlimlərin müşahidəsi, qoşunların yerdəyişməsinin izlənməsi kimi “hibrid əməliyyatları” əhəmiyyətli dərəcədə azaltmaqdır.
Litvanın Mərkəzi Reyestrinin 2026-cı ilin may ayına olan məlumatlarına görə, ölkədə, o cümlədən strateji əhəmiyyətli obyektlərin yaxınlığında daşınmaz əmlak alan və müvəqqəti və ya müddətsiz yaşayış icazəsi olan 5104 Rusiya və 2781 Belarus vətəndaşı var.
Ağagül Mürsəlov,
KONKRET.az
