“Təxminən 2 min nəfər diri-diri yandı. Onların arasında çoxlu qadın və uşaq vardı. Əsir düşənlərin əksəriyyətini kazaklarımız qılıncla doğradılar. Gecə saat dördədək qamışlıq yanmaqda davam etdi. Bizə tərəf əsən külək külü və yanmış insan ətinin qoxusunu gətirirdi…”.
Bu, qorxu filminin ssenarisindən götürülmüş səhnə deyil. Mətn 1916-cı ilin qışında qazax çölündə cəza dəstəsinə komandanlıq etmiş rus zabiti, poruçik Stanislavskinin (Baxtinin) arxiv xatirələrinə aid edilir.
Noyabrın 7-si də geridə qaldı. Sovet dövründə bu tarix Oktyabr inqilabının ildönümü kimi qeyd olunurdu. Bu gün isə həmin tarixə, əsasən, tarixi yaddaş prizmasından yanaşırıq. Lakin bəzən bir mühüm məqam diqqətdən kənarda qalır: 1917-ci il inqilabından və ardınca baş verən Qırmızı terrordan əvvəl, 1916-cı ildə Rusiya imperiyasının müstəmləkə siyasəti Mərkəzi Asiyada ağır faciələrə yol açmışdı.
Petroqraddakı inqilabi hadisələrdən bir il əvvəl, 1916-cı ilin noyabrında Amangeldi İmanovun başçılıq etdiyi üsyançı dəstələrin Turqay istiqamətində mübarizəsi davam edirdi. Qazax xalqının ayağa qalxmasının səbəbi hansısa siyasi qüvvənin maraqlarına xidmət etmək deyil, torpağını, həyat tərzini və gələcəyini qorumaq istəyi idi.
Bu gün həmin hadisələrdən danışarkən yalnız ümumi tarixi qiymətləndirmələrə deyil, dövrün sənədlərinə, hərbi əmrlərə, zabitlərin gündəliklərinə və şahidlərin xatirələrinə də diqqət yetirmək vacibdir.
45 milyon desyatin torpaq və insanların “rekvizisiyası”
1916-cı ilin yayına qədər Rusiya imperiyasının qazaxlardan təxminən 45 milyon desyatin — başqa sözlə, 50 milyon hektara yaxın torpaq sahəsini aldığı bildirilir. Əsrlər boyu yerli əhalinin istifadə etdiyi qışlaqlar və otlaqlar rus köçkünlərinə, məmurlara və hərbi qulluqçulara ayrılırdı. Qazax əhalisi isə getdikcə daha əlverişsiz, su ehtiyatları məhdud olan ərazilərə sıxışdırılırdı.
1916-cı il iyunun 25-də çar II Nikolay imperiyanın yerli əhalisinə mənsub kişilərin arxa cəbhədə müdafiə və tikinti işlərinə cəlb edilməsi haqqında fərman imzaladı. Türküstan və çöl bölgələrindən yüz minlərlə insanın bu işlərə göndərilməsi nəzərdə tutulurdu.
Fərmanın dili və tətbiqi yerli əhalinin hüquqi vəziyyətini açıq şəkildə nümayiş etdirirdi. İnsanlar öz iradələri nəzərə alınmadan imperiyanın hərbi ehtiyacları üçün səfərbər edilirdilər. Bu qərar torpaq itkisi, sosial bərabərsizlik və milli ayrı-seçkilikdən narazı olan əhali arasında kütləvi etirazlara səbəb oldu.
Rus zabitlərinin əmrləri və etirafları
Qazax çölündə etirazlar genişləndikcə, imperiya hakimiyyəti onları yatırmaq üçün hərbi qüvvələrdən istifadə etməyə başladı. Dinc yaşayış məntəqələrinə qarşı cəza əməliyyatları keçirildi, artilleriya və pulemyotlardan istifadə olundu.
Həmin dövrə aid olduğu bildirilən hərbi sənədlərdə və zabit qeydlərində baş verənlərin miqyasını göstərən ağır ifadələrə rast gəlinir.
Yeddisu vilayətinin hərbi qubernatoru general M. Folbaumun cəza dəstələrinin komandirlərinə ünvanladığı 16 avqust 1916-cı il tarixli gizli teleqramında belə göstərişlər yer aldığı bildirilir:
“Qazaxların ən kiçik toplaşmalarını belə üsyan hesab edin, onları yatırın, bu volostlarda vahimə yaradın. İlk narazılıq əlaməti görünən kimi, hətta ikinci dərəcəli rəhbərləri də həbs edin, səhra məhkəməsinə verin və dərhal asın… Şübhəli hesab etdiyiniz şəxslərdən birini tutun və başqalarına nümunə olsun deyə asın”.
Turqay vitse-qubernatorunun Aktyubinskdəki çıxışına aid edilən başqa bir ifadədə isə belə deyilir:
“Çar əmri yerinə yetiriləcək, hətta bir nəfər də qırğız (qazax) sağ qalmasa belə”.
Rus zabiti, poruçik Stanislavskinin yatmış yaşayış məntəqələrinə hücumla bağlı qeydlərində isə bu sözlərə rast gəlinir:
“Biz onların yatdıqları yeraltı sığınacaqlara bombalar atdıq. Təxminən iyirmi nəfəri əsir götürə bildik… Qazaxları dərhal güllələdik. Onlar ağlayır, mərhəmət diləyir, ayaqlarımızı öpürdülər, lakin əsgərlərim amansız idilər”.
Ən dəhşətli hadisələrdən biri qaçqınların sığınacaq axtardığı ərazilərdə baş vermişdi.
Mənbədə göstərilən məlumatlara görə, ailələri ilə birlikdə on minlərlə insan qışın sərt soyuğunda çay kənarındakı qamışlığa sığınmışdı. Cəza dəstələri qamışlığı yandırmış, alovdan və güllələrdən qaçaraq buzun üzərinə çıxan insanları atəşə tutmuşdular. Qadın və uşaqların da həlak olduğu bu hadisə 1916-cı il faciəsinin ən ağır səhifələrindən biri kimi təqdim olunur.
Cəza siyasətinin təşkilində mühüm rol oynamış Türküstan general-qubernatoru A. Kuropatkinin 1916-cı ilə aid gündəliyində isə üsyanın səbəbləri barədə diqqətçəkən etiraflar yer alır:
“Qırğızların bu qədər asanlıqla üsyana qalxmasının əsas səbəbi daha dərindədir və bizim torpaq siyasətimizdə gizlənir. İllər boyu onlardan köçəri yaşayış yerləri və qışlaqlar alınırdı… Qoşunların yerli yaşayış məntəqələrini həddindən artıq dağıtması, talanlar və əsassız qətllərlə bağlı haqlı şikayətlər var idi”.
Bu etiraflar göstərir ki, üsyanın kökləri təkcə 1916-cı il fərmanında deyildi. Torpaq itkisi, köçürmə siyasəti, milli hüquqların məhdudlaşdırılması və yerli əhalinin iqtisadi əsaslarının sarsıdılması uzun illər ərzində narazılığı dərinləşdirmişdi.
Mənbələrdəki məlumatlara əsasən, cəza əməliyyatları nəticəsində çoxsaylı insan həlak olmuş, yüz minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qalmışdı. Onların bir hissəsi ağır şəraitdə Çin istiqamətinə üz tutmuşdu. Bu köç tarixdə “Ürkün” faciəsi kimi də xatırlanır.
Qazax xalqının müdrik bir kəlamı var: “Өткенін ұмытқан елдің болашағы жоқ” — “Keçmişini unudan xalqın gələcəyi yoxdur”.
1917-ci il hadisələrini 1916-cı ilin faciəsindən ayrı nəzərdən keçirmək düzgün olmazdı. Çar Rusiyası dövründə torpaqların zorla alınması, yerli əhalinin sıxışdırılması və milli hüquqların məhdudlaşdırılması ilə bağlı siyasət sonrakı sovet hakimiyyəti dövründə də müxtəlif formalarda davam etdi. Hakimiyyətin adı və dövlətin bayrağı dəyişsə də, imperiya idarəçiliyinin bəzi üsulları uzun müddət öz təsirini saxladı.
Bu tarixi faktları xatırlamaq qisas hissini gücləndirmək üçün deyil, tarixi yaddaşı qorumaq və dövlətçilik şüurunu möhkəmləndirmək üçün vacibdir. Hər bir vətəndaş müstəqilliyin hansı ağır sınaqlardan, itkilərdən və faciələrdən sonra əldə edildiyini bilməlidir.
Bu baxımdan Qazaxıstanın Maarif Nazirliyinə, Elm və Ali Təhsil Nazirliyinə müraciət etmək istərdim. 1916-cı il hadisələri məktəb və ali təhsil müəssisələrinin dərsliklərində daha geniş, obyektiv və sənədlərə əsaslanan şəkildə işıqlandırılmalıdır. Bu hadisələr yalnız yerli üsyan kimi deyil, qazax xalqının torpağını, hüquqlarını və milli varlığını qorumaq uğrunda mübarizəsi kontekstində öyrənilməlidir.
Həmin dövrə aid rus zabitlərinin gündəlikləri, hərbi əmrlər, arxiv sənədləri və xatirələr rəqəmsallaşdırılaraq ictimaiyyət üçün açıq edilməlidir. Tarixi həqiqətin üzə çıxması üçün müxtəlif mənbələrin müqayisəli araşdırılması və sənədlərin elmi dövriyyəyə daxil edilməsi vacibdir.
Bəs nə üçün biz bu günədək 1916-cı il faciəsinin miqyası haqqında açıq danışmaqdan çəkinirik? Hətta faciənin yüzilliyində belə bu mövzuya münasibətdə susqunluq müşahidə olunurdu.
Halbuki söhbət indiki Rusiyadan deyil, çar Rusiyası imperiyasının müstəmləkə siyasətindən, qazaxların torpaqlarının necə əllərindən alınmasından və yerli əhalinin hansı ağır sınaqlarla üzləşməsindən gedir.
Bəlkə də bu tarixi hadisələr haqqında daha çox danışmaq, onları dərsliklərdə və ictimai müzakirələrdə ətraflı işıqlandırmaq gələcək nəsillərin Aşarşılıq, siyasi repressiyalar və insanların doğma torpaqlarından didərgin salınması kimi faciələrə daha həssas yanaşmasına kömək edər.
Tarixi unutmaq onu dəyişdirmir. Əksinə, yaddaşsızlıq eyni faciələrin təkrarlanması riskini artırır.
Müəllif: Xalıq Kenesi üzvü Murat Abenov
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
