“2022-ci il fevralın 24-dən 2023-cü il avqustun 31-dək Ukraynada 19 740 nəfər hərbi xidmətdən qaçıb, onların hamısı sərhədi qanunsuz keçərək qonşu ölkələrə keçib”.
KONKRET.az xəbər verir ki, BBC telekanalı Rumıniya, Moldova, Polşa, Macarıstan və Slovakiyadan olan mənbələrinə istinadən belə bir məlumat yayıb.
Söhbət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra ölkədən çıxışına qadağa qoyulan 18-60 yaş arası kişilərdən gedir. Jurnalistlər bildirirlər ki, onlar ukraynalıların ölkədən hansı yollarla qaçdıqlarından xəbərsizdirlər. Amma Ukrayna sərhədçilərinin saxladıqları digər 21 113 nəfərin hansı üsullardan istifadə etdiyini bilirlər.
Məlum olub ki, 14 313 nəfər sərhədi piyada, gölləri və çayları üzərək keçməyə cəhd edib. Qalan 6 800 nəfər isə özlərini xəstəliyə vuraraq saxta sənədlərdən istifadə edib. Kiyevli inşaatçı Yevgeni Moldovaya qaçdıqdan sonra jurnalistlərə deyib ki, sərhədi piyada keçib, sonra Moldova hakimiyyətinə sığınacaq üçün müraciət edib.
Digər ukraynalı, 26 yaşlı Xarkov sakini Erik isə çayı üzərək Moldovaya çatıb. Erikin dediyinə görə Ukraynada altı ay o, xəstəliyi ilə bağlı xidmətdən azad olunma şəhadətnaməsi ala bilməyib.
Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi Fyodor Venislavski də Ukraynada səfərbərlikdən yayınma hallarını təsdiqləyib. O, bildirib ki, ukraynalı kişilərin 1-5 faizi səfərbərlikdən yayınmağa çalışır. Onun sözlərinə görə, bu rəqəmlər Ukraynanın müdafiəsi üçün həlledici deyil.
Vəli Həsənov,
KONKRET.az