Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların müddətinin hazırkı təxminən 35 gündən 15–20 günə qədər azaldılması hədəflənir. Bu məqsədə çatmaq üçün yeni dəmir yolları və limanlarla yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sistemlərin tətbiqi və sərhəd-keçid proseslərinin daha proqnozlaşdırılan olması əsas prioritetlərdən sayılır.
Transxəzər dəhlizi boyunca yerləşən ölkələr Avropa İttifaqının dəstəyi ilə marşrutu daha sürətli və etibarlı nəqliyyat xəttinə çevirməyə çalışırlar. Hazırda təxminən 35 gün çəkən tranzit müddətinin 15–20 günə endirilməsi qarşıya məqsəd qoyulub.
Özbəkistandan qərbə daşınan yüklər Qazaxıstan ərazisindən keçərək Xəzər dənizinə, daha sonra bərə ilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırıla bilər. Marşrut bir neçə ölkənin dəmir yollarını, avtomobil yollarını, limanlarını və dəniz nəqliyyatı sistemlərini birləşdirir. Buna görə də dəhlizin səmərəli işləməsi müxtəlif ölkələrin nəqliyyat sistemləri arasında koordinasiyanın təmin edilməsindən asılıdır.
Bu məsələlər oktyabrın 2-də Daşkənddə keçirilən Transxəzər Nəqliyyat Dəhlizi üzrə ikinci Milli Konfransın əsas müzakirə mövzularından olub. Tədbirdə Avropa və Özbəkistan rəsmiləri, beynəlxalq maliyyə institutlarının, eləcə də nəqliyyat şirkətlərinin nümayəndələri investisiya prioritetlərini, layihələrin hazırlanmasını, logistikanı, rəqəmsallaşmanı və sərhəd prosedurlarının sürətləndirilməsini müzakirə ediblər.
Avropa–Qafqaz–Asiya Nəqliyyat Dəhlizi üzrə Hökumətlərarası Komissiya – TRACECA da marşrut boyunca yerləşən ölkələrin hökumətləri ilə sərhədlərarası nəqliyyat əlaqələrinin yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edən əsas qurumlardan biridir.
Təkcə infrastruktur deyil: gömrük və rəqəmsallaşma
TRACECA-nın baş katibi Casurbek Çoriyev Euronews-a müsahibəsində bildirib ki, dəhliz boyunca infrastrukturun inkişaf səviyyəsi eyni deyil və əlavə investisiyalara ehtiyac var.
Onun sözlərinə görə, qarşıdakı dörd il ərzində əsas diqqət “yumşaq bağlantı”nın inkişafına yönəldiləcək.
“Rəqəmsal bağlantı, eləcə də sərhədlərarası prosedurların asanlaşdırılması və sadələşdirilməsi qarşıdakı dörd il üçün bir nömrəli prioritet olacaq. Əsas diqqətimizi məhz bu istiqamətə yönəltməliyik”, – Çoriyev deyib.
Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun (DG INTPA) Asiya və Sakit okean regionu üzrə direktoru Peteris Ustubs isə bütün marşrut boyunca daha sıx koordinasiyanın vacibliyini vurğulayıb.
“Dəhlizə bütöv bir sistem kimi yanaşmalıyıq. Bütün marşrut üzrə prosedurların mümkün qədər səmərəli təşkil olunmasına, sənədlərin maksimum dərəcədə elektron formata keçirilməsinə və gömrük prosedurlarının mümkün qədər uyğunlaşdırılmasına nail olmalıyıq”, – o bildirib.
Yükdaşımalar üçün proqnozlaşdırıla bilənlik əsas şərtdir
Logistika şirkətləri üçün yalnız marşrutun qısaldılması deyil, yükün nə vaxt çatdırılacağının əvvəlcədən dəqiq bilinməsi də mühüm əhəmiyyət daşıyır.
Ustubsun sözlərinə görə, nəqliyyat və logistika şirkətləri dəhlizin iş qrafikinin proqnozlaşdırıla bilən olmasında maraqlıdırlar. Bu, daşıyıcıların yükün nə vaxt və hansı şərtlərlə daşınacağını əvvəlcədən bilməsinə imkan verəcək.
Avropa İttifaqının Özbəkistandakı səfiri Toivo Klaar da “yumşaq infrastruktur” sahəsində əməkdaşlığın fiziki nəqliyyat bağlantılarına yatırılan investisiyalar qədər vacib olduğunu bildirib.
Onun sözlərinə görə, söhbət sərhəd keçidlərinin sadələşdirilməsi, sənədləşmə və icazələrin alınmasına sərf olunan vaxtın azaldılmasından gedir.
Klaar nümunə olaraq Özbəkistandan Avropaya konteyner və ya bütöv qatar göndərmək istəyən şirkətin marşrut üzərindəki hər bir ölkədə ayrıca icazə almaq məcburiyyətində qalmasını göstərib.
“Bunun əvəzinə vahid, razılaşdırılmış icazə və sistemin tətbiqi yükdaşımaları əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bu, tamamilə realdır. Belə yanaşma artıq digər regionlarda tətbiq olunur. Burada hər şey siyasi iradə və əməkdaşlıqdan asılıdır”, – Klaar deyib.
Dəhlizin qərb hissəsində də problemlər qalır
Tranzit müddətinin azaldılması marşrutun qərb hissəsində mövcud imkanların genişləndirilməsindən də asılıdır.
TRACECA-nın baş katibi Çoriyev Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə arasında planlaşdırılan yeni dəmir yolu bağlantılarını nümunə göstərib. Onun sözlərinə görə, nisbətən qısa məsafələrdə yaradılan yeni nəqliyyat əlaqələri daha uzun marşrutların bir-birinə bağlanmasına imkan verə bilər.
Qara dəniz isə dəhliz üçün əlavə risklərdən biri olaraq qalır.
Beynəlxalq Dəniz Təşkilatı iyul ayında Qara və Azov dənizlərində mülki ticarət gəmilərinə hücumların yenidən artması ilə bağlı xəbərdarlıq edib. Son aylarda Ukraynanın Qara dəniz sahillərində kommersiya gəmiləri və liman infrastrukturu da hücumlara məruz qalıb.
“Qara dənizdə təhlükəsizlik vəziyyəti hazırda ciddi narahatlıq doğurur”, – Çoriyev bildirib.
O, həmçinin bərə xətlərinin və dəniz nəqliyyatı imkanlarının dəhlizin ümumi ötürücülük qabiliyyəti üçün əlavə məhdudiyyət yarada biləcəyini qeyd edib.
Özbəkistan həm şərqə, həm də qərbə çıxış imkanlarını genişləndirir
Özbəkistan üçün Transxəzər dəhlizinin inkişafı ölkənin coğrafi mövqeyi ilə birbaşa bağlıdır. Özbəkistan dənizə birbaşa çıxışı olmayan və dənizə çıxmaq üçün ən azı iki ölkənin ərazisindən keçməli olan dünyadakı iki dövlətdən biridir.
Özbəkistanın nəqliyyat naziri İlham Maxkamovun sözlərinə görə, nəqliyyat xərcləri ölkədə istehsal olunan məhsulların maya dəyərində əhəmiyyətli paya malikdir.
Bu səbəbdən Daşkənd beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək üçün həm şərq, həm də qərb istiqamətində nəqliyyat əlaqələrini gücləndirməyə çalışır.
Nazirin sözlərinə görə, planlara Xəzər dənizində liman infrastrukturunun inkişafında iştirak, bərə və ya barjların istifadəyə verilməsi, Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Gürcüstan və Qara dənizdəki limanlarda payların alınması daxildir.
Ölkə daxilində də müəyyən nəqliyyat məhdudiyyətləri mövcuddur. Özbəkistanda sərnişin və yük qatarları dəmir yolu şəbəkəsinin bir hissəsindən birgə istifadə edir. Daşkənd–Səmərqənd istiqamətində planlaşdırılan ixtisaslaşdırılmış yüksəksürətli sərnişin dəmir yolu xəttinin yaradılması yükdaşımalar üçün əlavə imkanların açılmasına şərait yaratmalıdır.
“Özbəkistan Dəmir Yolları”nın sədrinin birinci müavini Hikmətulla Rəhmetov bildirib ki, yeni layihə yük axınının mövcud dəmir yolu şəbəkəsinə düşən yükünü azaldacaq və yükdaşımalarının əməliyyat xərclərinin aşağı salınmasına kömək edəcək.
Eyni zamanda, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin istifadəyə verilməsi şərqdən Özbəkistanın nəqliyyat şəbəkəsinə daxil olan yüklərin həcmini əhəmiyyətli dərəcədə artıra bilər.
“Özbəkistan Dəmir Yolları”nın hesablamalarına görə, yeni xətt vasitəsilə gələcəkdə ildə 15 milyon tona qədər yük daşınması mümkündür. Bu yüklərin əhəmiyyətli hissəsinin Özbəkistan ərazisindən keçməklə Avropa bazarlarına yönəldilməsi gözlənilir.
Beləliklə, Transxəzər dəhlizinin inkişafı yalnız yeni dəmir yollarının və limanların tikintisi ilə məhdudlaşmır. Marşrutun rəqəmsallaşdırılması, gömrük prosedurlarının uyğunlaşdırılması, sərhəd keçidlərinin sürətləndirilməsi və bütün iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi dəhlizin Avropa ilə Mərkəzi Asiya arasında daha səmərəli ticarət bağlantısına çevrilməsinin əsas şərtləri kimi qiymətləndirilir.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
