50 manatlıq cərimə ilə üzləşə bilərsiniz: Sürücülərin bilməli olduğu QAYDAbackend

50 manatlıq cərimə ilə üzləşə bilərsiniz: Sürücülərin bilməli olduğu QAYDA

“Svetoforun qırmızı işığında dayanan sürücünün mobil telefondan istifadəsinə görə cərimələnməsi məsələsində əsas hüquqi meyar nəqliyyat vasitəsinin fiziki olaraq hərəkət edib-etməməsi deyil, onun yol hərəkəti prosesində idarə olunmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində də müvafiq qadağa müəyyən edilib. Burada “hərəkət zamanı” ifadəsini yalnız avtomobilin təkərlərinin fırlanması və ya onun fiziki yerdəyişməsi kimi deyil, nəqliyyat vasitəsinin idarə edilməsi və yol hərəkətində istismarı prosesi kimi başa düşmək daha məqsədəuyğundur. Çünki svetoforda gözləyən sürücü avtomobili idarə etmək və yol hərəkəti qaydalarına riayət etmək vəzifəsindən azad olunmur”.

Bu fikirləri vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Vəkil Roman Qaraşov - FOTOBAZA Pravda.az

““Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində dayanma, məcburi dayanma və durma anlayışları fərqləndirilir. Svetoforun qadağanedici siqnalına görə avtomobilin müvəqqəti hərəkətsiz qalması isə həmin anlayışlarla eyniləşdirilməməlidir. Bu halda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılmır, sadəcə, hərəkətin nizamlanması ilə əlaqədar müvəqqəti gözləmə vəziyyətində olur. Sürücü nəqliyyat vasitəsi üzərində idarəetməni saxlayır və icazəverici siqnal yandıqda hərəkəti davam etdirməlidir. Buna görə də telefon istifadəsinə qoyulan qadağanın svetoforda gözləmə müddətinə də şamil edilməsi qanunun məqsədinə uyğun hüquqi yanaşmadır. Bununla belə, İnzibati Xətalar Məcəlləsində işlədilən “hərəkəti zamanı” ifadəsinin hərfi təfsiri müəyyən mübahisələr doğura bilər. İnzibati məsuliyyətin qanunçuluq prinsipi baxımından bu qeyri-müəyyənliyin aradan qaldırılması vacibdir”.

Vəkil vurğulayır ki, xarici ölkələrin təcrübəsi də göstərir ki, telefon istifadəsinə dair qadağa yalnız avtomobilin fiziki hərəkəti ilə məhdudlaşdırılmır.

“Məsələn, Böyük Britaniyada qüvvədə olan qaydalara əsasən, sürücünün svetoforda və ya nəqliyyat sıxlığında gözləyərkən telefonu əldə saxlayaraq istifadə etməsi də hüquq pozuntusu hesab olunur. Almaniyada isə Yol Hərəkəti Qaydalarının 23-cü paraqrafına əsasən, avtomobil hərəkətsiz vəziyyətdə olsa belə, mühərrik tam söndürülmədikdə elektron cihazın əldə saxlanılaraq istifadəsinə qoyulan qadağa qüvvədə qalır. Hətta avtomobilin avtomatik start-stop sistemi vasitəsilə mühərrikinin müvəqqəti dayanması da bu baxımdan istisna yaratmır. Bu yanaşmaların hüquqi mahiyyəti ondan ibarətdir ki, sürücünün məsuliyyəti avtomobilin fiziki yerdəyişməsindən daha geniş olan idarəetmə prosesi ilə əlaqələndirilir”.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində də bu məsələnin daha aydın tənzimlənməsinə ehtiyac var.

““Yol hərəkəti haqqında” Qanunun anlayışlar hissəsində nəqliyyat vasitəsinin hərəkət prosesində müvəqqəti gözləməsi ilə dayanma və durma arasındakı fərq dəqiqləşdirilə bilər. Alternativ olaraq, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində telefon istifadəsinə görə məsuliyyətin svetoforun qadağanedici siqnalı və nəqliyyat sıxlığı səbəbindən müvəqqəti hərəkətsizlik hallarına da şamil edilməsi birbaşa göstərilir. Belə dəyişiklik həm hüquqi müəyyənlik prinsipinə xidmət edər, həm də inzibati orqanların və məhkəmələrin normanı fərqli təfsir etməsinin qarşısını alar. Əsas məqsəd avtomobilin istənilən hərəkətsiz vəziyyətini inzibati məsuliyyətə əsas saymaq deyil, sürücünün nəqliyyat vasitəsini idarə etdiyi müddətdə yol hərəkətinin təhlükəsizliyinə görə daşıdığı məsuliyyətin sərhədlərini dəqiq müəyyən etməkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*