Son zamanlar marketlərdə endirimə çıxarılan düyülərin bişirildikdən sonra gözlənilən nəticəni verməməsi istehlakçılarda suallar yaradır. Bəzi düyülərin bişərkən bir-birinə yapışması, digərlərinin isə dənə-dənə qalması məhsulun keyfiyyəti ilə bağlı şübhələrə səbəb olur. Bəs endirimli düyülərin keyfiyyətinin aşağı olması nə dərəcədə əsaslıdır? Bu fərq istehsal texnologiyası, saxlanma şəraiti, yoxsa bişirilmə qaydaları ilə əlaqədardır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, düyünün keyfiyyətini qiymətləndirərkən onun istehsal texnologiyasını nəzərə almaq lazımdır.

“Dünyada düyü istehsalında müxtəlif üsullardan istifadə edilir. Bir sıra ölkələrdə çəltik qabığından təmizlənməzdən əvvəl suda isladılır, daha sonra qurudulur. Bu üsul qabığın nüvədən daha asan ayrılmasına və istehsal zamanı qırıq düyülərin miqdarının azalmasına imkan verir”.
E.Hüseynov qeyd edib ki, bu texnologiya ilə istehsal olunan düyülər bişirildikdə adətən dənə-dənə qalır, görünüşcə daha parlaq və ağ olur. Ənənəvi üsulla istehsal edilən düyülər isə bişirilmə zamanı daha çox yapışa bilər.
“Düyünün yapışqan olması heç də onun keyfiyyətsizliyini göstərmir. Əksinə, bu, təbii düyünün xüsusiyyətlərindən biridir. Düyünün necə bişməsi suyun keyfiyyətindən, codluğundan və hazırlanma qaydasından da asılıdır. Bəzən düyü düzgün dəmlənmədikdə istehlakçılar onun süni olduğunu düşünürlər”, – deyə ekspert bildirib.
Birlik sədri Azərbaycanda satılan düyülərlə bağlı “süni düyü” iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, ölkədə süni düyünün geniş yayıldığı barədə fikirlər əsassızdır.
E.Hüseynov vurğulayıb ki, məhsulun endirimə çıxarılması onun mütləq keyfiyyətsiz və ya təhlükəli olması demək deyil. Endirimlər mağazaların və ya məhsulu təchiz edən şirkətlərin təşəbbüsü ilə həyata keçirilə bilər. Bəzi hallarda isə son istifadə tarixinə az vaxt qalan məhsulların qiyməti aşağı salınır.
Ekspertin sözlərinə görə, düyünün bişirildikdən sonra dənə-dənə qalması da hər zaman onun daha keyfiyyətli olması anlamına gəlmir. Buna görə də istehlakçılar yalnız məhsulun görünüşünə və qiymətinə əsaslanaraq qərar verməməlidirlər.
Beləliklə, endirimli düyü alarkən məhsulun qablaşdırmasının bütövlüyünə, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirmək vacibdir. Qiymətin aşağı olması özlüyündə məhsulun keyfiyyətsizliyini göstərməsə də, düyünün bişirilmə xüsusiyyətləri onun istehsal texnologiyasından və hazırlanma qaydasından asılı olaraq dəyişə bilər.
Aynurə İsmayıl
KONKRET.az
