Qızıl və gümüş sürətlə bahalaşır: Azərbaycanın valyuta ehtiyatlarına necə təsir edəcək?backend

Qızıl və gümüş sürətlə bahalaşır: Azərbaycanın valyuta ehtiyatlarına necə təsir edəcək?

Qlobal qiymətli metal bazarlarında müşahidə olunan kəskin qiymət dalğalanmaları 2026-cı ilə dair proqnozları daha da aktuallaşdırıb. Qızıl və əmtəə bazarı üzrə mütəxəssis İslam Memişin növbəti ili “manipulyasiya ili” adlandıraraq xəbərdarlıq etməsi fonunda əsas sual yaranır: qızıl və gümüşün sürətli bahalaşması Azərbaycanın valyuta bazarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, qızıl və gümüş qiymətlərindəki dalğalanmaların həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Onun sözlərinə görə, dünyada baş verən siyasi, hərbi və iqtisadi qeyri-stabil şərait, eləcə də qlobal risklərin artması insanlar və dövlətlər arasında sərvətini təhlükəsiz aktivlərdə saxlama meylini gücləndirib:

“Qlobal qeyri-sabitlik fonunda həm adi vətəndaşlar, həm də dövlətlər ehtiyatlarını valyuta ilə yanaşı qızıl kimi qiymətli metallarda saxlamağa üstünlük verir. Tələbin artması isə qızılın qiymətlərində kəskin bahalaşmaya səbəb olub”.

A.İbrahimov bildirib ki, Azərbaycan bazarında satılan əsas qızıl məmulatları – İtaliya, Dubay və Rusiya istehsalı olan məhsullar, xaricdən idxal edilir və alış prosesi dollarla həyata keçirilir. Bu isə ölkədə valyuta tələbinin artmasına gətirib çıxarır:

“Qızılın bahalaşması ilə paralel idxal olunan zinət əşyaları da daha yüksək qiymətə başa gəlir. Bu isə bazarda dollar tələbini artırır və valyuta bazarına müəyyən təzyiq yaradır. Valyutaya tələbin azalacağını gözləmirəm”.

Ekspert hesab edir ki, mövcud hərbi-siyasi və iqtisadi proseslər davam edərsə, qızıl və gümüşün qiymətində azalma ehtimalı da çox aşağıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*