XVIII əsr Venesiyası – maskalar, pariklər, ətirlər, qar kimi ağ üzlər və aristokratik təkəbbür şəhəri idi.
Təsəvvür edin: venesiyalı bir aristokrat evdən çıxmağa hazırlaşır. Bahalı kaftan, krujevalı jabot və toqqalı ayaqqabılar geyinmək onun üçün kifayət deyil. İctimaiyyət qarşısına çıxmazdan əvvəl güzgü qarşısında xeyli vaxt keçirməlidir.
Saçları – daha doğrusu, pariki – mükəmməl şəkildə düzəldilməli, ağ pudra ilə örtülməlidir. Üzü pudralanmalı, paltarı ətirlənməli, ümumi görünüşü isə cəmiyyətdə tutduğu mövqeyə tam uyğun olmalıdır.
Çünki həmin dövrdə Venesiyada dəbdəbə sadəcə zövq və ya şəxsi seçim deyildi. O, həm də sosial statusun, sərvətin və nüfuzun göstəricisi idi.
Bəs bilirsinizmi ki, müasir kosmetik pudranın tarixində Venesiya pariklərinin və San-Marko meydanının yaxınlığında yerləşən, bu gün az adamın diqqətini çəkən kiçik bir küçənin xüsusi yeri var?
Üstəlik, XVIII əsr Venesiyasında parik dəbinə o qədər qarşı çıxan bir aristokrat da yaşayırdı ki, prinsipial olaraq onlardan istifadə etməkdən imtina edirdi.
## PARİKLƏRƏ MÜHARİBƏ ELAN EDƏN ARİSTOKRAT
1758-ci il yanvarın 7-də Venesiyanın Ca’ Correr Contarini Zorzi sarayında Antonio Korrer vəfat etdi.
Bu gün onun adı, demək olar ki, unudulub. Halbuki sağlığında həmin patrisi qeyri-adi davranışı ilə tanınırdı. O, parik taxmaqdan inadla imtina edən venesiyalı zadəganların son nümayəndələrindən biri idi.
Üstəlik, buna səbəb qənaətcillik deyildi!
Korrer pariki zövqsüz və ləyaqətə yaraşmayan bir dəb ixtirası hesab edirdi. Onun fikrincə, belə bir aksessuar yüksək mövqeyə sahib insanın görünüşünə uyğun deyildi.
XVIII əsrdə bu cür mövqe sərgiləməyin nə qədər qeyri-adi olduğunu təsəvvür etmək çətin deyil.
Venesiya aristokratiyasında geyim, saç düzümü və bəzək əşyaları insanın mənşəyini, sərvətini və cəmiyyətdəki mövqeyini nümayiş etdirirdi. Hər detalın öz mənası vardı. Korrer isə bütün bu dəb qaydalarına tabe olmaq istəmirdi.
Maraqlıdır ki, məhz onun yaşadığı dövrdə pariklər aristokratik dəbin ayrılmaz hissəsinə çevrilmişdi.
VENESİYA PARİK DƏBİNİN ƏSİRİNƏ NECƏ ÇEVRİLDİ?
Tarixi ədəbiyyatda qorunub saxlanılan qədim Venesiya rəvayətinə görə, parik dəbini şəhərə təxminən 1665-ci ildə Vinçiquerro di Kollalto gətirmişdi.
Yeni dəb qısa müddətdə geniş yayıldı.
Əvvəlcə pariklər zərifliyin və kübarlığın əlaməti hesab olunurdu. Sonralar isə varlı kişilərin təntənəli görünüşünün, demək olar ki, məcburi atributuna çevrildi.
Qadınlar da bu dəbdən kənarda qalmadılar.
XVIII əsrdə saç düzümləri getdikcə mürəkkəbləşir, hündürləşir və daha qeyri-adi formalar alırdı. Onlar lentlər, qiymətli daşlar, güllər və lələklərlə bəzədilirdi.
Lakin qüsursuz görünüşün əsas sirlərindən biri xüsusi ağ pudra idi.
Bu məhsul “polvere di Cipro” – “Kipr pudrası” adlandırılırdı.
KİPR PUDRASI NƏ İDİ?
Bu gün pudra dedikdə ilk növbədə üz üçün istifadə olunan kosmetik vasitə yada düşür. Lakin XVIII əsr Venesiyasında pudranın mühüm hissəsi saçların və pariklərin bəzədilməsi üçün istifadə edilirdi.
Onun əsas məqsədi saçlara dəbdə olan açıq rəngi vermək, ağ və ya bozumtul çalar yaratmaq, eyni zamanda aristokratik zəriflik təsiri bağışlamaq idi.
“Kipr” adının Şərqi Aralıq dənizi ilə əlaqəli ətirli kosmetik tozların istehsalı və ticarət ənənələrindən qaynaqlandığı bildirilir.
Əsrlər boyu Şərqi Aralıq dənizi ilə geniş ticarət əlaqələri saxlayan Venesiya bu cür məhsulların istehsalı və yayılması üçün əlverişli mərkəz idi.
Pudra, əsasən, incə üyüdülmüş nişastadan hazırlanır, müxtəlif ətirli maddələrlə zənginləşdirilirdi. Onu saçlara və pariklərə çəkərək dəbdə olan açıq rəngli görünüş əldə edirdilər.
Ən maraqlısı isə odur ki, XVIII əsrdə Venesiya belə pudraların mühüm istehsal mərkəzlərindən birinə çevrilmişdi.
Şəhərdə bu sahə üzrə ixtisaslaşmış emalatxanalar və istehsal müəssisələri fəaliyyət göstərirdi. Məhsulları isə “muschieri” adlandırılan ətirli mallar və kosmetika satıcıları vasitəsilə alıcılara çatdırılırdı.
Beləliklə, venesiyalılar sadəcə Avropa dəbinə uyğunlaşmır, onun ətrafında bütöv bir ticarət və istehsal sahəsi formalaşdırırdılar.
GÖZƏLLİK HƏM DƏ GƏLİRLİ BİZNES İDİ
Dəb harada yaranırsa, orada sahibkarlar da peyda olur. Venesiyalılar isə insanın gözəl görünmək istəyindən necə qazanc əldə etməyin yollarını yaxşı bilirdilər.
XVIII əsrin ikinci yarısında San-Marko meydanının yaxınlığında Bortolo Lukadelloya məxsus Kipr pudrası fabriki fəaliyyət göstərirdi. Müəssisə o qədər tanınmışdı ki, onun fəaliyyəti şəhərin toponimikasında da iz buraxmışdı.
Sahibkarın oğlu Cambattista Lukadello 1763-cü ildə Venesiya Magistrato alla Sanità – Səhiyyə Maqistraturasından pudra istehsalı ilə bağlı xüsusi imtiyaz əldə etdi.
Venesiya Respublikasında belə imtiyazlar sahibkarlara müəyyən istehsal sahələrində xüsusi və bəzən müstəsna hüquqlar verirdi.
Bu fakt göstərir ki, kosmetika artıq sadəcə varlı xanımların və aristokratların şəxsi dəbdəbəsi deyildi. O, dövlət tənzimləməsinin, kommersiya rəqabətinin və ciddi maliyyə maraqlarının predmetinə çevrilmişdi.
Venesiya hətta insanların gözəl görünmək istəyindən də böyük gəlir əldə etməyi bacarırdı!
BU TARİXİ VENESİYANIN HANSI KÜÇƏLƏRİ QORUYUB SAXLAYIB?
İndi isə hekayənin ən maraqlı məqamlarından birinə nəzər salaq.
San-Marko meydanının yaxınlığında bu gün də iki tarixi yer adı qorunub saxlanılır:
– Sotoportego della Polvere
– Corte Nuova della Polvere
Bu adları təxminən «Pudra keçidi» və «Pudranın Yeni həyəti» kimi tərcümə etmək olar.
Onların adları bir vaxtlar həmin ərazidə fəaliyyət göstərmiş kosmetik toz istehsalı və ticarəti ilə əlaqələndirilir.
Bu gün minlərlə turist Venesiyanın dar küçələrindən keçir, tarixi binalara heyranlıqla baxır. Lakin onların çoxu diqqət çəkməyən bu adların arxasında XVIII əsrin gözəllik dəbi, istehsal ənənələri və ticarət tarixi dayandığından xəbərsizdir.
Halbuki Venesiyanı xüsusi edən məhz belə detallardır.
Bəzən kiçik bir həyətin adı bütöv bir şəhərin gündəlik həyatı, iqtisadiyyatı və sosial münasibətləri haqqında nəhəng sarayın təmtəraqlı fasadından daha çox məlumat verir.
PUDRA SAÇDAN ÜZƏ NECƏ KEÇDİ?
Əslində, üz üçün kosmetik tozlardan XVIII əsrdən xeyli əvvəl istifadə olunurdu. Onların tarixi hələ antik dövrə gedib çıxır.
Lakin Kipr pudrasının hekayəsi Avropada gözəllik anlayışının və kosmetik dəbin necə dəyişdiyini aydın göstərir.
Pariklər dövründə ağ pudra, ilk növbədə, dəbli saç düzümü yaratmaq üçün istifadə edilirdi. Zaman keçdikcə pudralanmış pariklər gündəlik həyatdan çəkilməyə başladı. Lakin kosmetik pudra öz mövqeyini qorudu.
Onun tərkibi, təyinatı və qablaşdırılması dəyişdi. Saçlara qulluq vasitəsi kimi başlayan bu ənənə zamanla üz kosmetikasının inkişafına da təsir göstərdi.
Məhz buna görə Venesiyanın “polvere di Cipro” tarixi bu gün də maraqlı görünür.
Çünki dəyişən yalnız vasitələr və dəb olub. Gözəl, gənc, varlı və zövqlü görünmək arzusu isə əsrlər boyu dəyişməyib.
BƏS PARİK DƏBİNİN ƏLEYHDARI OLAN ARİSTOKRATIN SARAYI NECƏ OLDU?
Hekayənin əvvəlində adı çəkilən Antonio Korrerə qayıdaq.
Onun həyatının sona çatdığı Ca’ Correr Contarini Zorzi sarayı qotik mənşəlidir və XVII əsrdə yenidən qurulub.
Binanın daha bir maraqlı adı var: “Ca’ dei Cuori” – Ürəklər Evi
Bu ad sarayın iki portalında yerləşən və ürək formasını xatırladan döymə dəmir bəzəklərlə əlaqələndirilir.
XIX əsrdə sarayın sahibləri arasında Qaribaldi tərəfdarı olan general Kristiano Lobbia və Roma knyaz nəslindən olan Borqezelər ailəsinin nümayəndələri də vardı.
Beləliklə, bir Venesiya sarayının tarixində aristokratik inadkarlıq, dəyişən dəb, siyasət və məşhur ailələrin taleləri bir-birinə qarışıb.
Venesiyanın cazibəsi də elə bundadır: burada adi görünən bir küçə adı, köhnə bir saray və ya kiçik bir həyət əsrlər əvvəlki həyat tərzinin unudulmuş səhifələrini yenidən göz önünə gətirə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
