Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən KONKRET.az -a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
***10:49
Ağcabədidə bir əsrdən çox yaşı olan keçmiş məktəb binasında yanğın baş verib.
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.
Yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.
Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun fəaliyyətdə olan məktəb binasına keçməsinin qarşısı alınıb.
Hazırda FHN əməkdaşları aktiv yanma ocaqlarının aşkar edilərək söndürülməsi istiqamətində işləri davam etdirirlər.




