8 avqustun geosiyasi nəticələri: Azərbaycan regional aktordan qlobal bağlantı mərkəzinə çevrilirbackend

8 avqustun geosiyasi nəticələri: Azərbaycan regional aktordan qlobal bağlantı mərkəzinə çevrilir

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan–ABŞ görüşləri Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ağ Evdə əldə olunan razılaşmalar yalnız Azərbaycan–Ermənistan sülh gündəliyinə deyil, Bakı–Vaşinqton münasibətlərinin strateji məzmununun genişlənməsinə, TRIPP layihəsi və Orta Dəhliz vasitəsilə Azərbaycanın regional bağlantı imkanlarının artmasına da təsir göstərib.

Bəs Vaşinqton görüşləri Azərbaycan–ABŞ münasibətlərində həqiqətən dönüş nöqtəsi sayıla bilərmi və bu proses Azərbaycanın regional və qlobal geosiyasi çəkisini nə dərəcədə dəyişə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, 8 avqust 2025-ci il Azərbaycan–ABŞ münasibətlərində yalnız dönüş nöqtəsi deyil, iki ölkə arasında yeni mərhələnin siyasi-hüquqi əsasının qoyulduğu tarix kimi qiymətləndirilməlidir.

 

Deputatın sözlərinə görə, Vaşinqtonda baş verənləri yalnız Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlə məhdudlaşdırmaq doğru deyil.

“Söhbət münasibətlərin əvvəlki modelinin dəyişməsindən gedir. Uzun müddət Azərbaycan–ABŞ münasibətlərinin əsas sütunlarından biri enerji təhlükəsizliyi, terrorla mübarizə və regional təhlükəsizlik məsələləri olub. Lakin 8 avqust 2025-ci ildə münasibətlərə strateji tərəfdaşlıq perspektivi əlavə edildi.

Həmin tarixdə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Memorandumun imzalanması mühüm siyasi hadisə idi. Sənəd regional bağlantı, enerji, ticarət, investisiya, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi geniş sahələri əhatə edirdi”, – deyə deputat bildirib.

2025-ci ildən 2026-cı ilə: siyasi çərçivədən strateji tərəfdaşlığa

Elçin Mirzəbəyli hesab edir ki, Vaşinqton görüşlərinin əhəmiyyətini 2026-cı ildə əldə olunan nəticələr fonunda daha aydın görmək mümkündür.

“2026-cı ilin fevralında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası artıq Azərbaycanı ABŞ üçün yalnız enerji və təhlükəsizlik baxımından əhəmiyyətli ölkə kimi deyil, regional bağlantı, logistika, rəqəmsal infrastruktur, enerji, texnologiya və təhlükəsizlik sahələrində strateji tərəfdaş kimi müəyyənləşdirir.

Deməli, 8 avqust 2025-ci il hadisəsini geriyə baxaraq qiymətləndirəndə onun əhəmiyyətini daha aydın görürük. Bir il əvvəl Vaşinqtonda formalaşdırılan siyasi çərçivə sonradan konkret strateji sənədə çevrilib. Bu, dönüş nöqtəsinin ən ciddi göstəricisidir”, – deyə deputat vurğulayıb.

Onun fikrincə, Vaşinqton görüşlərinin tarixi əhəmiyyəti yalnız Azərbaycan–ABŞ münasibətləri ilə məhdudlaşmır. Burada Azərbaycanın regional və qlobal bağlantı sistemindəki rolunun dəyişməsi də xüsusi əhəmiyyət daşıyır.

Deputat bu prosesi “müharibədən kommunikasiyaya, qarşıdurmadan inteqrasiyaya, regional aktordan qlobal bağlantı mərkəzinə – orta güc missiyasına keçid” kimi xarakterizə edib.

TRIPP Azərbaycanın geosiyasi rolunu necə dəyişə bilər?

Elçin Mirzəbəyli bildirib ki, 8 avqust 2025-ci ildə imzalanmış Birgə Bəyannamədə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılması istiqamətində səylərin davam etdirilməsi təsbit olunub.

Ermənistanın isə ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə “Trump Route for International Peace and Prosperity” – TRIPP layihəsi üzrə çərçivənin hazırlanmasına razılıq verdiyini xatırladan deputat bunun daha geniş geosiyasi prosesin tərkib hissəsi olduğunu bildirib.

“Burada bir incə məqamı xüsusi vurğulamaq lazımdır: TRIPP marşrutunu sadəcə “Zəngəzur dəhlizi”nin başqa adla təqdimatı kimi qəbul etmək məsələnin geosiyasi mahiyyətini kiçiltmək olar. Çünki söhbət artıq yalnız Azərbaycan–Naxçıvan bağlantısından getmir. Söhbət bu bağlantının daha böyük Transxəzər və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasından gedir”, – deyə Elçin Mirzəbəyli bildirib.

Deputatın sözlərinə görə, 2026-cı ilin fevralında imzalanmış Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında TRIPP Transxəzər Orta Dəhlizi ilə multimodal bağlantı layihəsi kimi təqdim olunur.

Xartiyada Orta Dəhlizin nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun inkişafı, TRIPP-nin həyata keçirilməsi və Azərbaycanın regional enerji, ticarət, məlumat, maliyyə, nəqliyyat və logistika qovşağı kimi mövqeyinin gücləndirilməsi nəzərdə tutulur.

“Coğrafiya özü geosiyasi üstünlük deyil”

Elçin Mirzəbəyli hesab edir ki, bu proses Azərbaycanın geosiyasi çəkisinin artmasına ciddi təsir göstərə bilər.

“Xəritədə Azərbaycanın yerləşdiyi məkan həmişə əhəmiyyətli olub. Amma coğrafiyanın özü hələ geosiyasi üstünlük deyil. Üstünlük o zaman yaranır ki, həmin coğrafiyadan keçən enerji, nəqliyyat, kommunikasiya və ticarət marşrutları beynəlxalq maraqların kəsişmə nöqtəsinə çevrilsin”, – deyə deputat qeyd edib.

Onun fikrincə, Azərbaycan məhz belə bir prosesin mərkəzində dayanır.

“Çindən Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya çıxan marşrut artıq yalnız alternativ nəqliyyat xətti deyil. O, Avrasiya geosiyasətində Rusiyadan yan keçən və İranın da daxil olmadığı yeni bağlantı arxitekturasının əsas elementlərindən birinə çevrilir”.

Deputat bildirib ki, bu reallıq Azərbaycanın əhəmiyyətini Bakı–Tbilisi–Qars dəmir yolu və enerji infrastrukturu ilə məhdudlaşdırmır. Azərbaycan getdikcə Avrasiya bağlantılarının mühüm strateji mərkəzlərindən birinə çevrilir.

Elçin Mirzəbəyli hesab edir ki, burada əsas amillərdən biri ABŞ-ın regiona iqtisadi və strateji marağının Azərbaycan üzərindən institusionallaşmasıdır.

“TRIPP-də ABŞ faktorunun olması təsadüfi deyil. Vaşinqton artıq Cənubi Qafqaza yalnız təhlükəsizlik və diplomatik vasitəçilik prizmasından baxmır. Burada logistika, enerji, texnologiya və investisiya maraqları da meydana çıxır.

Əsas məsələ Azərbaycanın ABŞ-ın regiondakı yeni iqtisadi-geosiyasi arxitekturasının mühüm elementlərindən birinə çevrilməsidir. Bu, Azərbaycanın geosiyasi statusunda növbəti keyfiyyət dəyişikliyidir”, – deyə deputat vurğulayıb.

Azərbaycan hərbi qələbəni diplomatik nəticəyə çevirir

Azərbaycan–Ermənistan sülh prosesinə də toxunan Elçin Mirzəbəyli Prezident İlham Əliyevin siyasətini “sülhə ədalətli güc amilindən yol alan mərhələli strategiya” kimi xarakterizə edib.

Deputat hesab edir ki, 2020-ci ildən sonrakı prosesi yalnız hərbi qələbənin nəticəsi kimi qiymətləndirmək düzgün deyil.

“2020-ci il müharibəsi yeni siyasi reallıq yaratdı, amma həmin reallığın diplomatik nəticəyə çevrilməsi ayrıca və daha mürəkkəb proses idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr yaratdı. Lakin Bakı bununla kifayətlənmədi.

2023-cü ildə dövlət suverenliyinin tam bərpasından sonra əsas məsələ artıq müharibəni qazanmaq yox, müharibənin siyasi nəticələrini beynəlxalq hüquq və regional reallıqlar səviyyəsində təsbit etmək idi”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, məqsəd yalnız Azərbaycan və Ermənistan arasında atəşkəsin təmin olunması deyil:

“Məsələ daha genişdir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan–Ermənistan münasibətləri normallaşsın, kommunikasiyalar bərpa olunsun, iqtisadi əlaqələr yaransın və yeni regional təhlükəsizlik sistemi formalaşsın. TRIPP də bu yanaşmanın iqtisadi komponentidir”.

Deputatın fikrincə, Vaşinqton formatının mühüm üstünlüklərindən biri Azərbaycan–Ermənistan münasibətlərinin daha geniş regional prosesə çevrilməsidir.

“Ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Bakı Ermənistanla münasibətləri ikitərəfli çərçivədən çıxarıb regional prosesə çevirdi. Bu, çox mühüm diplomatik məqamdır”.

“Sülh artıq yalnız siyasi sənəd deyil”

Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan–Ermənistan münasibətlərinin yalnız iki ölkə arasındakı münasibət kimi qalması regiondakı böyük güclərin prosesə həddindən artıq təsir imkanlarını saxlamasına şərait yarada bilərdi.

“Vaşinqton formatında isə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ABŞ-ın iştirakı ilə daha geniş bağlantı layihəsi ilə müşayiət olunur. Nəticədə sülh artıq yalnız siyasi sənəd deyil, iqtisadi maraqlar sistemi əldə etməyə başladı. Bu isə davamlı sülh üçün daha ciddi zəmin yaradır”, – deyə deputat bildirib.

Azərbaycanın hərbi qələbədən diplomatik qələbəyə keçidini də şərh edən Elçin Mirzəbəyli bunun müasir Azərbaycan tarixinin ən mühüm proseslərindən biri olduğunu vurğulayıb.

“Müharibəni qazanmaqla diplomatiyanı qazanmaq eyni şey deyil. Tarixdə hərbi qələbə əldə edib siyasi nəticəni itirən çox dövlət var. Azərbaycanın fərqi ondan ibarət oldu ki, hərbi qələbə diplomatik strategiyanın sonu deyil, yeni mərhələnin başlanğıcı kimi qəbul edildi”.

Deputatın sözlərinə görə, 2020-ci ildə əldə olunan hərbi qələbə yeni siyasi reallıq yaradıb və danışıqlar masasındakı güc balansını dəyişib.

“Artıq danışıqlar əvvəlki status-kvo üzərində aparıla bilməzdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ikinci mərhələni açdı”.

Elçin Mirzəbəyli bildirib ki, 2023-cü ilin sentyabrından sonra əsas hədəf Ermənistanla sülh müqaviləsinin siyasi-hüquqi bazasını formalaşdırmaq olub.

“Beləliklə, Azərbaycan sülh gündəliyinin məzmununu müəyyənləşdirdi. Əsas məsələ bundan ibarət idi ki, sülh yalnız atəşkəs deyil. Sülh qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün qəbul edilməsi, sərhədlərin toxunulmazlığı, ərazi iddialarından imtina və kommunikasiyaların açılmasıdır”.

2020–2023–2025–2026: Azərbaycanın yeni geosiyasi xətti

Deputat hesab edir ki, Vaşinqtonda paraflanan sülh sazişi layihəsi və ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciət də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu, 1990-cı illərin diplomatik arxitekturası ilə bağlı səhifənin bağlanması deməkdir.

Elçin Mirzəbəyliyə görə, Azərbaycanın diplomatik qələbəsinin əsas xüsusiyyətlərindən biri hərbi nəticələrin regional iqtisadi və geosiyasi layihələrlə əlaqələndirilməsidir.

“Əgər Azərbaycan 2020-ci ilin nəticəsi ilə kifayətlənsəydi, söhbət yalnız hərbi qələbədən gedəcəkdi. Amma Azərbaycan Qarabağ–Zəngəzur–Naxçıvan–Orta Dəhliz–Transxəzər bağlantısı–Avropa və Asiya arasında yeni logistika xətti kimi daha böyük geosiyasi zəncir yaratmağa başladı”.

Deputatın fikrincə, bununla Azərbaycanın hərbi qələbəsi yalnız ərazi məsələsini həll edən nəticə kimi deyil, yeni regional nizamın başlanğıc nöqtəsi kimi təqdim edildi.

“Vaşinqton Azərbaycanın hərbi-siyasi qələbəsinin diplomatik nəticəyə çevrilməsinin simvoluna çevrildi. 2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması, TRIPP üzrə çərçivənin müəyyənləşdirilməsi və Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığının təməl mexanizminin yaradılması bir-biri ilə əlaqəli proseslərdir”.

Deputat Azərbaycanın son illərdəki siyasi-diplomatik yolunu dörd mərhələdə ümumiləşdirib:

2020 — hərbi reallığın yaradılması;
2023 — dövlət suverenliyinin tam bərpası;
2025 — hərbi reallığın diplomatik legitimliyə çevrilməsi;
2026 — həmin nəticənin strateji tərəfdaşlıqlar və regional bağlantı layihələri ilə institusionallaşdırılması.

Elçin Mirzəbəyli hesab edir ki, bu ardıcıllıq təsadüfi deyil və Prezident İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən birini göstərir:

“Qələbəni qorumaqla kifayətlənməmək, onu siyasi kapitala, siyasi kapitalı diplomatik nəticəyə, diplomatik nəticəni isə regional və qlobal geosiyasi kapitala çevirmək”.

Deputatın fikrincə, məhz buna görə 8 avqust 2025-ci il yalnız Azərbaycan–Ermənistan münasibətlərində deyil, Azərbaycanın müstəqil xarici siyasətinin yeni mərhələsində də mühüm tarix hesab edilə bilər.

“Azərbaycan artıq sadəcə regionda baş verən proseslərə reaksiya verən ölkə deyil, proseslərin özünü formalaşdıran orta güc kimi çıxış edir.

Azərbaycanın geosiyasi çəkisi artıq yalnız malik olduğu ərazilərlə deyil, yaratdığı bağlantılarla, təmin etdiyi təhlükəsizliklə və müxtəlif güc mərkəzlərini öz maraqları ətrafında uzlaşdıra bilmək qabiliyyəti ilə ölçülür.

Azərbaycanın qarşısında yeni geosiyasi imkanlar açılır. Bu imkanların əsasını isə hərbi qələbənin siyasi nəticəyə, siyasi nəticənin diplomatik legitimliyə, diplomatik legitimliyin isə iqtisadi və strateji bağlantılara çevrilməsi təşkil edir”, – deyə deputat əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*