Yaponiyanın Baş naziri Şinzo Abe Kuril adaları problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
Abe qeyd edib ki, hər iki tərəf üçün məqbul olan həllin tapılması üzrə işləri irəlilətmək niyyətindədir. O, Rusiya ilə Yaponiya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
“İlk növbədə, Yaponiya və Rusiya xalqı arasında etimad və dostluq münasibətlərinin möhkəmlənməsi vacibdir ki, dörd ada dostluq adalarına çevrilsin”, — deyə Yaponiyanın Baş naziri bildirib.
Rusiya və Yaponiya uzun illərdir ki, İkinci Dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsi bağlaya bilmirlər. Əsas problem Kuril adalarının mənsubiyyəti məsələsidir. Tokio 1855-ci ilin fevralında Rusiya imperiyası ilə Yaponiya arasında bağlanmış Ticarət və sərhədlər haqqında Simod traktatına istinad edir. Sənədə əsasən, Kuril adalarından İturup, Kunaşir, Şikotan və Xabomai Yaponiyaya daxil edilir, qalanları isə Rusiya mülkiyyəti olaraq tanınır.
Babək Göyüş
KONKRET.az
