Məzuniyyətə çıxmadan pul almaq istəyənlərə QADAĞA – Nələr dəyişir?backend

Məzuniyyətə çıxmadan pul almaq istəyənlərə QADAĞA – Nələr dəyişir?

Azərbaycanda əmək məzuniyyətindən istifadə etməyərək, əvəzində həmin günlərə görə pul kompensasiyası almaq istəyən işçilərlə bağlı yeni dəyişiklik təklif olunur. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin – 21 təqvim gününün kompensasiya ilə əvəzlənməsi qadağan ediləcək. Yalnız əmək müqaviləsinə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulan istisna tətbiq olunacaq. Bununla yanaşı, məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarına da aydınlıq gətiriləcək.

Bəs, yeni dəyişiklik qüvvəyə minərsə, məzuniyyətə çıxmaq əvəzinə pul kompensasiyası almağa üstünlük verən işçilərin bu imkanı tamamilə məhdudlaşdırılacaqmı? Qərarın arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, son dövrlərdə aparılan monitorinqlər və statistik göstəricilər işçilərin əhəmiyyətli hissəsinin əmək məzuniyyətindən istifadə etmədən işləməyə davam etdiyini göstərir.

Güclü külək avtomobilləri MƏHV ETDİ - Zərəri kim ödəməlidir? — TodayPress.tv

“İstehsalat qəzaları, iş yerində baş verən bədbəxt hadisələr və digər hadisələrin araşdırılması zamanı məzuniyyətsiz işləyən əməkdaşların çoxluğu diqqət çəkir. Mövcud qanunvericilikdə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulduğundan, bəzi işçilər bu hüquqdan yararlanmağa üstünlük verirlər”.

Hüquqşünas hesab edir ki, bunun əsas səbəblərindən biri əməkhaqlarının aşağı olmasıdır.

“Belə ki, işçilərin məzuniyyətə çıxdıqları zaman aldıqları məzuniyyət haqqı onların maddi gözləntilərini qarşılamır. Nəticədə onlar istirahət etmək əvəzinə işləməyi və istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almağı seçirlər”.

Ramil Süleymanovun fikrincə, bu yanaşma işçilərin fiziki və zehni yorğunluğunu daha da artırır, diqqətin yayınmasına və nəticə etibarilə istehsalatda təhlükəli halların yaranmasına zəmin yaradır.

O, qeyd edib ki, problemin həlli məzuniyyət hüququnun məhdudlaşdırılması ilə yanaşı, işçilərin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını da tələb edir. Hüquqşünasın qənaətinə görə, Azərbaycanda minimum əməkhaqqı ən azı iki-iki dəfə yarım artırılmalı, aztəminatlı ailələrə ünvanlanan sosial yardımlar isə real ehtiyaclara uyğun və əlçatan olmalıdır.

Ekspert vurğulayıb ki, əməkhaqları bazar qiymətləri və yaşayış xərcləri ilə mütənasib müəyyənləşdirilməlidir. Onun fikrincə, işçilərin normal istirahət etməsi üçün ilk növbədə maddi təminat məsələsi həllini tapmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*