ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) “Philip Morris International”a məxsus IQOS cihazı və HEETS tütün çubuqları üçün daha əvvəl verilmiş “Dəyişdirilmiş Riskli Tütün Məhsulu” (DRTM) statusunun yenilənməsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, agentliyin qərarına əsasən, elmi araşdırmalar ənənəvi siqaretlərdən tam şəkildə IQOS sisteminə keçidin insan orqanizminin zərərli və potensial zərərli kimyəvi maddələrə məruz qalmasını əhəmiyyətli dərəcədə azaltdığını göstərir. FDA bu qərarın həm mövcud tütün istifadəçiləri, həm də istifadə etməyən şəxslər nəzərə alınmaqla, ümumi ictimai sağlamlıq baxımından məqsədəuyğun olduğunu bildirib.
Yenilənmiş icazə PMI-yə ABŞ-da 21 yaşdan yuxarı siqaret çəkənlərə alternativ olaraq IQOS və HEETS məhsulları barədə “zərərin azaldılması” ilə bağlı məlumatları paylaşmağa davam etməyə imkan verir.
PMI U.S.-in baş icraçı direktoru Steysi Kennedi bildirib ki, şirkət qızdırılan tütün məhsulları üçün DRTM statusunu əldə edib qoruyan yeganə şirkət olaraq, elmi əsaslı alternativlərin yetkin siqaret çəkənlərə ənənəvi siqaretlərdən uzaqlaşmaqda kömək edə biləcəyinə inanır.
FDA həmçinin qeyd edib ki, uzunmüddətli epidemioloji tədqiqatlar hələ davam etsə də, mövcud elmi sübutlar fərdi istifadəçilər arasında xəstələnmə və ölüm riskinin ölçülə bilən dərəcədə azalmasının mümkün olduğunu göstərir.
IQOS ilk dəfə 2019-cu ildə ABŞ-da bazara çıxış icazəsi alıb, 2020-ci ildə isə FDA tərəfindən DRTM statusu verilən ilk qızdırılan tütün məhsulu olub. Daha yeni IQOS 3.0 sistemi də sonradan bu statusu əldə edib. Hazırda FDA IQOS ILUMA modeli ilə bağlı müraciətləri nəzərdən keçirməkdə davam edir.
PMI-nin təqdim etdiyi elmi məlumatlara görə, IQOS sistemi tütünü yandırmadan qızdırdığı üçün siqaret tüstüsü ilə müqayisədə daha az zərərli maddələr ehtiva edən aerozol yaradır. Bununla yanaşı, şirkət vurğulayır ki, heç bir tütün məhsulu tam risksiz deyil.
Şirkət 2008-ci ildən bəri tüstüsüz alternativlərin hazırlanmasına 16 milyard dollardan çox sərmayə yatırdığını və uzunmüddətli məqsədinin ənənəvi siqaret satışını tam dayandırmaq olduğunu açıqlayıb. PMI, həmçinin 2022-ci ildə Swedish Match şirkətini satın alaraq ABŞ bazarındakı mövqeyini gücləndirib.
PMI bildirir ki, ABŞ-da təxminən 45 milyon yetkin nikotin istifadəçisinin, o cümlədən 25 milyon siqaret çəkənin daha az zərərli alternativlərə keçidi şirkətin əsas prioritetlərindən biridir.
Natiq Səlim
KONKRET.az
