ABŞ Yaxın Şərqdən neft tədarükündə yaranan fasilələr və İranla müharibənin enerji bazarına təsiri fonunda enerji sahəsindəki üstünlüyünün bir hissəsini itirmək riski ilə üzləşib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) ekspertlərə istinadən yazıb.
ABŞ dünyanın ən böyük neft istehsalçısı olaraq qalsa da, ölkədə hasilatın artımı Yaxın Şərqdən tədarükün azalmasını kompensasiya etmək üçün kifayət etmir. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) hesablamalarına görə, 2026-cı ildə ölkədə neft hasilatının sutkada cəmi 200 min barel artacağı gözlənilir.
İranla müharibə və Hörmüz boğazının blokadaya alınması nəticəsində isə bu strateji marşrutdan keçən sutkalıq təxminən 20 milyon barel neftin tədarükü pozulub.
Münaqişə ABŞ-da yanacaq qiymətlərinə də təsir edib. FT-nin məlumatına görə, müharibənin başlanmasından sonra benzin və dizelin qiyməti təxminən 40 faiz artıb. Bununla yanaşı, Donald Trampın prezidentliyi dövründə dizelin orta qiyməti Co Baydenin prezidentliyi zamanı qeydə alınan göstəricini də keçib.
Müharibənin təsiri ABŞ iqtisadiyyatının digər göstəricilərində də hiss olunur. Ölkədə inflyasiya may ayında 4,2 faizə yüksələrək son üç ilin ən yüksək səviyyəsinə çatıb. 30 illik ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 5,98 faizdən 6,65 faizə yüksəlib.
ABŞ iqtisadiyyatının artım tempi də administrasiyanın gözləntilərindən aşağı olub.
“S&P Global Energy”nin proqnozuna görə, 2035-ci ilədək ABŞ-da neft emalı gücü 7 faiz azalaraq sutkada 16,7 milyon barelə düşə bilər. Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki münaqişələrin yaratdığı yanacaq qıtlığı fonunda ABŞ və Avropadakı neft emalı zavodları hazırda demək olar ki, tam gücü ilə çalışır.
Bununla yanaşı, ABŞ neft məhsullarının ixracını artırır. Hökumət statistikasına əsasən, avqustun 7-dək olan həftədə dizel yanacağı və mazut ixracı sutkada 1,9 milyon barelə çataraq rekord həddə yüksəlib. Aviasiya yanacağının ixracı isə sutkada 443 min barel təşkil edib.
Günay Əli
KONKRET.az
