Universitet məzunlarının bir qisminin diplom aldıqları ixtisas üzrə deyil, tamamilə fərqli sahələrdə çalışması ali təhsil sistemi ilə əmək bazarının tələbləri arasında ciddi uyğunsuzluqların mövcudluğunu gündəmə gətirir. Bəzi hallarda gənclər illərlə təhsil aldıqları sahədə iş tapa bilmir, digər tərəfdən isə işəgötürənlər təcrübəli və peşəkar kadr çatışmazlığından şikayətlənirlər. Bu vəziyyət ali təhsil müəssisələrində kadr hazırlığının keyfiyyəti, tələbələrin praktiki biliklərə yiyələnməsi və universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsini aktuallaşdırır.
Maraqlıdır, universitetlər əmək bazarının real tələblərinə uyğun kadr hazırlaya bilirmi və məzunların ixtisasları üzrə işlə təmin olunmasına mane olan əsas səbəblər hansılardır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, süni intellektin sürətlə inkişaf etdiyi indiki dövrdə əmək bazarındakı problemlər təkcə Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün aktual məsələyə çevrilib.

“Ali təhsil müəssisələrini bitirən məzunlar əmək bazarında öz yerlərini tapmaq üçün seçdikləri ixtisas üzrə zəruri bilik və bacarıqlara dərindən yiyələnməlidirlər. Lakin bəzi universitetlərdə tədrisin keyfiyyəti və praktiki hazırlıq imkanları bu tələblərə cavab vermir”.
Ekspert qeyd edib ki, xüsusilə laboratoriya şəraitinin yetərli olmaması, tələbələrə praktiki biliklərin lazımi səviyyədə aşılanmaması, eləcə də universitetlərin dövlət qurumları, iri müəssisələr və fabriklərlə əməkdaşlığının zəif qurulması məzunların peşə hazırlığına mənfi təsir göstərir:
“Bunun nəticəsində tələbələr universiteti bitirdikdən sonra praktik biliklərinin zəifliyi ilə üzləşirlər. Bu isə onların əmək bazarının tələb etdiyi standartlara cavab verməsini çətinləşdirir. Ona görə də bu gün Azərbaycan ali təhsil müəssisələrindən məzun olanların əksəriyyəti faktiki olaraq işsizlik problemi ilə qarşılaşır. Bu vəziyyət həm əmək bazarının məhdud imkanları, həm də məzunların bazarın tələblərinə uyğun səviyyədə hazırlanmaması ilə bağlıdır”.
Məzahir Məmmədli əlavə edib ki, yeni məzunların işə qəbulunda qarşılaşdığı əsas çətinliklərdən biri də işəgötürənlərin təcrübə tələbi ilə bağlıdır. Belə ki, universiteti yenicə bitirən gənclərdən belə bir neçə illik iş təcrübəsi tələb olunur. Halbuki onların peşəkar fəaliyyətə başlamaq üçün ilk fürsətə ehtiyacı var.
Ekspertin sözlərinə görə, bu problemin həlli istiqamətində tələbələrin ali təhsil müddətində keçdiyi təcrübənin əmək stajı kimi nəzərə alınması ilə bağlı dəyişiklik də nəzərdə tutulub. Bu yanaşma məzunların işə qəbul zamanı təcrübə ilə bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
Beləliklə, universitetlərdə nəzəri biliklərlə yanaşı, praktiki hazırlığın gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və tələbələrin istehsalat təcrübəsinə daha erkən cəlb olunması ali təhsillə əmək bazarı arasındakı uyğunsuzluğun aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Aynurə İsmayıl
KONKRET.az
