ABŞ İranla danışıqları ticarət gəmilərinə hücumlar dayandırılana qədər bərpa etməyəcək.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Vens qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu məsələdə mövqeyini açıq şəkildə ifadə edib.
Onun sözlərinə görə, İran ticarət gəmilərini atəşə tutmağı dayandırmayana qədər Vaşinqton Tehranla danışıqlar aparmayacaq.
Vitse-prezident hazırda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların aparılmadığını və bu vəziyyətin artıq müəyyən müddətdir davam etdiyini deyib.
Vens bildirib ki, bir neçə gün əvvəl ABŞ İranın ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq üçün tədbirlər görüb. Məqsəd neft və qazın dünya enerji bazarlarına çatdırılmasını təmin etməkdir.
O, Avropa ölkələrinin Hörmüz boğazından keçən ticarət gəmilərini İranın hücumlarından qorumaq imkanlarının məhdud olduğunu vurğulayıb.
Onun sözlərinə görə, davam edən hücumlar qlobal enerji bazarının sabitliyi üçün risk yaradır və yanacağın qiymətlərinin artmasına səbəb olur.
Vens Hörmüz boğazında gəmiçilik vəziyyətinə də toxunaraq bildirib ki, bəzi gəmilər təhlükəsizlik səbəbindən bu marşrutdan istifadə etməkdən çəkinir. Bununla belə, onun sözlərinə görə, ötən gün boğazdan təxminən 15 milyon barel neft daşınıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
