“ABŞ Ukraynaya silah tədarükü ilə Rusiyanı şantaj etməyə çalışır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov səsləndirib.
O bildirib ki, Vaşinqton müxtəlif yollarla Moskvaya təzyiq göstərməyə çalışır:
“Ukraynaya hərbi texnika və döyüş sursatı vermək təzyiq göstərmək cəhdidir” – deyə Ryabkov vurğulayıb.
Rusiya hesab edir ki, Donbassdakı gərginliyi Ukraynaya silah verən və hərbi təlimatlandıran ABŞ və digər NATO ölkələri artırır. Buna baxmayaraq, Qərb “Rusiyanın təcavüzü” ilə bağlı narahatlıqlarını əsas gətirərək, artıq bir neçə milyard dollarlıq silahı ukraynalılara təhvil verib. Xüsusilə, ABŞ-dan “Javelin” tank əleyhinə raket kompleksləri, patrul katerləri, snayper tüfəngləri və əks akkumulyator radar stansiyaları, İngiltərədən NLAW tank əleyhinə qumbaraatanlar, Türkiyədən isə “Bayraktar TB2” hücum pilotsuz təyyarələri Kiyevə gətirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
