Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi ölkə gündəmini silkələyib. Bir çox insanlar azyaşlıya qarşı xüsusi qəddarlıq nümayiş etdirən idmançının ağır cəzalandırılmasını tələb edirlər. Artıq həbs olunan Mehman Xəlilov barəsində isə 126.3, yəni “qəsdən sağlamlığa zərər vurub, şəxsin ehtiyyatsızlıqdan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlayıb. Bəs görəsən bu maddə onun əməli ilə adekvatlıq təşkil edirmi?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış vəkil Əsabəli Mustafayev bildirib ki, qəsdən adam öldürmə maddəsini tətbiq etmək üçün əsas olmalıdır: “Yəni təqsirkar şəxsdə adam öldürməyə niyyətin və motivin olması şərtdir. Ancaq bu hadisədə motivin, yəni məşqçinin uşağı öldürmək istəyinin olduğunu düşünmürəm. Yaxud bunu xuliqanlıq niyyəti və ya tamah məqsədi ilə törətməsi də inandırıcı deyil. Doğrudur, idmançının hərəkətlərində zorakılıq faktları açıq-aşkar görünür. Amma o, bunu həmin idman növünün zorakılıqla bağlı olması ilə əsaslandıracaq. İstənilən halda bu hadisəni ehtiyatsızlıqdan baş verən cinayət əməli kimi xarakterizə etmək olar. İttiham irəli sürülən maddə də çox ağırdır. Bu maddə ilə 9-12 il arası azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Vəkilin sözlərinə görə, idmançının zorakı hərəkətlərini davamlı şəkildə təkrarlaması ağırlaşdırıcı hal kimi qəbul edilə bilər: “Yəni bu hərəkətlər cəzanın tətbiqinə də təsirsiz ötüşməyəcək. Belə ki, minimum nəzərdə tutulan 9 il yox, maksimum (12 il) cəza verilməsi mümkündür. Ehtiyatsızlıqdan da olsa, həmin idmançı nəticəni görməyə məcbur idi. Düşünürəm ki, idmançıya qarşı irəli sürülən ittiham və tətbiq olunan maddə törədilən cinayətə adekvatdır. Ancaq istənilən halda məhkəmənin yanaşması olacaq.”
![]()
Vəkil hadisə ilə bağlı tibbi və psixoloji ekspertiza keçirilməsinin vacib olduğunu dilə gətirib: “Doğurdan da, videoya baxanda adekvat hərəkətlərin olmadığını görmək mümkündür. Bu, insan psixologiyasına sığmayan hərəkətlərdir. Ona görə də, ekspertiza mütləq keçiriləcək və qiymət veriləcək. Mən həmin hadisəni törədən vaxt idmançının öz şüurunda olmamasından şübhələnirəm. Bilirik ki, xüsusilə ağrılı idman növü ilə məşğul olan idmançıların çoxu psixotrop maddələr qəbul edir. Bu, mütləq yoxlanmalıdır.”
Vəkil cəmiyyətin əksər hissəsinin ölüm hökmünün bərpasını tələb etməsi məsələsinə də aydınlıq gətirib: “Birincisi, hüquqi müstəvidə bu, mümkün deyil. Çünki biz Avropa Şurasının üzvüyük. Ora daxil olan ölkələr mütləq şəkildə ölüm hökmünü ləğv etməlidirlər. Digər tərəfdən, bütün cəzaların dayandırılması imkanı var, təkcə ölüm hökmü istisnadır. Yəni 10-15 ildən sonra həqiqət ortaya çıxa və cəza alan adamın günahsızlığı sübuta yetirilə bilir. Bu zaman həmin şəxsə bəraət verilməsi mümkündür. Amma ölüm hökmünün tətbiqi fonunda bu hal istisna olacaq. Üstəlik, Azərbaycan təcrübəsinə nəzər salsaq xeyli sayda məhkəmə səhvlərinin olduğunu görə bilərik. Azərbaycan məhkəməsinin inkişafı o dərəcəyə çatmayıb ki, biz bütün qərarları ədalətli hesab edək. Bütün bu əsasları nəzərə alsaq, Azərbaycanda ölüm hökmünün tətbiqini düzgün hesab etmirəm”.
Müşviq Tofiqoğlu,
KONKRET.az