Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin keçmiş prezidenti Robert Köçəryana qarşı görünməmiş dərəcədə sərt və təhqiramiz ifadələrlə çıxış edib. Simonyan öz rəsmi açıqlamasında revanşist lideri həm dövlətə xəyanətdə, həm də xalqın malını mənimsəməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, spikerin Köçəryana ünvanladığı müraciət Ermənistanın daxili siyasi mühitində bomba effekti yaradıb. Simonyan eks-prezidenti birbaşa hədəf alaraq bu ifadələri işlədib:
“Sən qan içənsən, seçki saxtakarı sən, dövləti qarət edən, dövlət hesabına zənginləşən, başqa ölkənin maraqlarına xidmət edən birisən. Sən erməni xalqının nifrət etdiyi bir ‘ambal’san (kobud güc sahibi)”.
Bu kəskin ritorika Ermənistanda 2026-cı il seçkiləri yaxınlaşdıqca hakimiyyətlə müxalifət arasındakı körpülərin tamamilə yandığını göstərir. Xüsusilə Köçəryanın son vaxtlar Moskvanın dəstəyi ilə Paşinyan administrasiyasını qorxu ritorikası vasitəsilə devirməyə çalışması hakim komandanın bu cür aqressiv cavablar verməsinə səbəb olub. Simonyanın “başqa ölkənin maraqlarına xidmət” ittihamı ilə Köçəryanın Rusiyayönümlü siyasətinə və Moskvanın Ermənistandakı maraqlarını təmsil etməsinə işarə etdiyi bildirilir.
Hazırda Ermənistan cəmiyyətində bu qarşılıqlı ittihamların siyasi gərginliyi daha da pik həddə çatdıracağı gözlənilir.
