Belçikanın şərqində tüğyan edən meşə yanğını ölkə tarixində ən böyük meşə yanğınına çevrilib. Alovun əhatə etdiyi ərazi artıq 2 700 hektara çatıb.
KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, yanğın Lyej əyalətində yerləşən Hautes Fagnes təbiət qoruğunda cümə günündən başlayaraq geniş əraziyə yayılıb.
Lyej qubernatorluğunun məlumatına görə, şənbə günü saat 16:00-a olan məlumata əsasən, alov 2 700 hektar ərazini əhatə edib. Bu göstərici günün əvvəlində açıqlanan 1 600 hektardan xeyli çoxdur.
Küləyin istiqamətinin dəyişməsi və tüstünün yaşayış məntəqələrinə yayılması səbəbindən ərazidəki bəzi kəndlərin sakinlərinin təxliyəsinə başlanılıb. Turistlərə də bölgəni tərk etmək tövsiyə olunub. Uşaq yay düşərgələrindən biri də təhlükəsizlik məqsədilə boşaldılıb.
Yanğının mürəkkəb relyefli təbiət qoruğunda baş verməsi xilasedicilərin işini çətinləşdirir. Alova adi texnika ilə yaxınlaşmaq mümkün olmadığından havadan müdaxilə xüsusi əhəmiyyət daşıyır.
Avropa İttifaqının fövqəladə yardım mexanizmi çərçivəsində Belçikaya üç helikopter və iki suatan təyyarə göndərilib.
Texnika Çexiya, İsveç və Niderland tərəfindən təmin olunub. Ərazidə Belçikanın yanğınsöndürənləri ilə yanaşı, hərbçilər və fermerlər də yanğının qarşısının alınmasına çalışırlar.
Avropada bu yay müşahidə olunan güclü istilər yanğın təhlükəsini daha da artırıb. Mütəxəssislər insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliklərinin isti və quraq şəraitin yaranma ehtimalını artırdığını bildirirlər.
Qeyd edilib ki, yanğın 2011-ci ildə Belçikada qeydə alınmış və təxminən 1 400 hektar ərazini məhv etmiş əvvəlki rekordu demək olar ki, ikiqat üstələyib. Məlumatlar Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) göstəricilərinə əsaslanır.
Günay Əli
KONKRET.az
