AMEA dörd ildə elmə hansı töhfəni verib? Ekspert hesabat tələb edirbackend

AMEA dörd ildə elmə hansı töhfəni verib? Ekspert hesabat tələb edir

“İsa Həbibbəylinin AMEA prezidenti kimi fəaliyyətinə qiymət verərkən ilk növbədə bir suala cavab axtarmalıyıq: onun rəhbərliyi Azərbaycan aliminin həyatında, iş şəraitində və elmi imkanlarında nəyi dəyişib? Akademiyanın inkişafı haqqında təntənəli çıxışlar etmək mümkündür. Ancaq həmin inkişaf alimin gündəlik həyatında görünmürsə, bu çıxışların cəmiyyət üçün inandırıcılığı qalmır.

Azərbaycanda alimə verilən dəyər onun sosial vəziyyətində, peşəsinin nüfuzunda və sərbəst tədqiqat aparmaq imkanlarında görünməlidir. İsa Həbibbəylinin rəhbər kimi əsas məsuliyyəti də bu imkanları genişləndirməkdir. Alimin qayğılarını sadalamaq kifayət deyil. Rəhbərlik həmin qayğıların həlli üçün hansı nəticəni əldə etdiyini göstərməlidir”.

Bu fikirləri təhsil eksperti Fuad Hacıyev KONKRET.az-a açıqlamasın da səsləndirib:

Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir  Pravda.az

“Çox sadə bir nümunə gətirim. 2026-cı ilə aid tender elanının açıq surətində əlaqə ünvanı kimi “[email protected]” göstərilir. Milli Elmlər Akademiyasının satınalma əlaqəsi üçün öz institusional domenində elektron poçt əvəzinə “mail.ru” ünvanı təqdim olunur. İsa müəllim rəqəmsallaşmadan və müasir idarəetmədən danışırsa, əvvəlcə rəhbərlik etdiyi qurumun belə elementar təşkilati məsələlərini izah etməlidir. Böyük islahat iddiaları gündəlik idarəetmədə də özünü göstərməlidir.

Onun rəhbərliyi ilə keçən təxminən dörd ilə nəzər yetirsək, daha fundamental sual ortaya çıxır: AMEA bu müddətdə Azərbaycan və dünya elminə hansı mühüm, orijinal və faydalı töhfələri verib? Hansı tədqiqat yeni elmi istiqamət açıb? Hansı nəticə beynəlxalq elmi müzakirəyə təsir göstərib? Hansı araşdırma ölkədə konkret problemin həllinə, təhsilin keyfiyyətinə, dilimizin rəqəmsal imkanlarına və tarixi irsimizin öyrənilməsinə ciddi töhfə verib?

Bu suallar alimlərin əməyini inkar etmək üçün verilmir. Əksinə, onların dəyərli işlərinin görünməsi üçün rəhbərlik konkret və anlaşılan hesabat təqdim etməlidir. İctimaiyyət tədbirlər siyahısından elmi nəticəni özü axtarıb çıxarmağa məcbur deyil. İsa Həbibbəyli rəhbərliyinin uğurlu olduğunu düşünürsə, həmin uğurun insanların həyatına və ölkənin inkişafına təsirini göstərməlidir”.

Ekspert vurğulayır ki, AMEA-nın öz açıqlamasında elmi fəaliyyətin uzun illər plan işlərinin icrasına görə qiymətləndirildiyi bildirilir.

“ 2026-cı ildə yeni indikatorlar üzrə qiymətləndirməyə hazırlıqdan danışılması isə ciddi sual yaradır: əvvəlki illərdə elan olunan inkişafın keyfiyyəti necə ölçülürdü? Elmi müəssisəyə rəhbərlik edən şəxs üçün nəticənin qiymətləndirilməsi sonradan düşünüləcək məsələ olmamalıdır.

Rəhbərlikdə nəsil dəyişikliyi məsələsi də açıq müzakirə edilməlidir. İsa Həbibbəyli 77 yaşına yaxınlaşır. Yaş özü-özlüyündə insanın elmi qabiliyyətini müəyyən etmir. Ancaq rəhbərliyin yenilənməsi, səlahiyyətlərin bölüşdürülməsi və gələcək elmi liderlərin yetişdirilməsi onun birbaşa məsuliyyətidir. Təcrübəyə hörmət vəzifənin müddətsiz saxlanılması mənasına gəlməməlidir.

AMEA cəmiyyətin gözündə insanların vəzifədə yaşlandığı bir məkana çevrilməməlidir. İnsanlar Akademiyaya inkişafın, yeni fikrin və gələcəyin ünvanı kimi baxmalıdırlar. Bunun üçün gənc alimlərə yalnız tədbirlərdə çıxış etmək yox, layihələrə rəhbərlik etmək, maliyyə resurslarından istifadə etmək və idarəetmə qərarlarında iştirak etmək imkanı verilməlidir”.

F.Hacıyev qeyd edir ki, təcrübəli alimlər üçün ayrıca Ağsaqqallar Şurası formatı yaradıla bilər.

“Onlar elmi məktəblərin davamlılığını təmin edər, gənclərə məsləhət verər və biliklərini bölüşərlər. Beləliklə, təcrübə qorunar, idarəetməyə isə yeni enerji və yanaşmalar gələr. Gənclərin məsuliyyət götürməsi üçün illərlə növbə gözləməli olduğu bir sistem elmin inkişaf sürətini aşağı salır.

Mənim qənaətimcə, İsa Həbibbəylinin hazırda nümayiş etdirdiyi idarəetmə yanaşması ilə AMEA-da tələb olunan sürətli yenilənməni gözləmək çətindir. Bu yanaşma davam etdikcə dəyişikliklərin məhdud və ləng qalacağı qənaətindəyəm. Elm daim inkişaf edir və onu idarə edən qurum həmin sürətə uyğun dəyişməyi bacarmalıdır.

İsa Həbibbəyli bəlkə də dünyanın ən yaxşı insanlarından biri ola bilər. Ancaq Azərbaycan elminə rəhbərlik etmək üçün yaxşı insan olmaq kifayət etmir. Bu vəzifədə dövlətinə və cəmiyyətinə fayda verən, alimlərin potensialını real nəticəyə çevirə bilən rəhbər lazımdır.

Uğurlu bir elmi ixtira, onun istehsala və bazara çıxarılması ölkəmiz üçün böyük əlavə gəlir mənbəyinin əsasını qoya bilər. Azərbaycan neft kapitalını insan kapitalına çevirmək istəyirsə, elmi həmin məqsədin əsas vasitələrindən biri kimi görməlidir. Bunun üçün əvvəlcə alimə sərmayə qoymaq, işləmək və yaratmaq imkanı vermək lazımdır. Əldə olunan nəticələr də elmə daha çox və davamlı maliyyə ayrılmasını əsaslandırmalıdır.

Elmin ölkəyə verdiyi fayda artdıqca, dövlət büdcəsində alimə şərait yaradılması daha güclü prioritetə çevrilməlidir. İsa Həbibbəylinin rəhbərliyindən gözlənilən də məhz bu əlaqəni qurmaqdır: ayrılan vəsaiti elmi nəticəyə, elmi nəticəni isə Azərbaycanın inkişafına çevirmək”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*