Xəbər verildiyi kimi, məktəblərdə Tiktok platformasına çıxış məhdudlaşdırılıb. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlayıb. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:
“Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.
Bəs bu addım nə dərəcədə effektiv olacaq? Məktəblərdə tətbiq edilən məhdudiyyətlər uşaqların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün kifayətdirmi?
Məktəblərdə yeni dövr: Kitabları planşet əvəzləyir?
KONKRET.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a bu cür qərarların tam icrasını təmin etməyin mümkün olmafığını bildirib:
“Çünki şagirdlər smartfonlar, planşetlər və digər vasitələrdən istifadə edərək yenidən bu platformalara daxil olmağa çalışırlar. Yaxşı olardı ki, bu məsələ daha yüksək səviyyədə və sistemli şəkildə təşkil olunsun. Bildiyimiz kimi, TikTok platformasında, xüsusilə də Azərbaycan cəmiyyətinin mental dəyərlərinə, elmi və maarifləndirici yanaşmalara uyğun olmayan, bayağı məzmunlara da rast gəlinir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı daha ciddi tədbirlər görülməli, problemin həlli istiqamətində yüksək səviyyəli qərarlar qəbul edilməlidir”.
Ekspertin dediyinə görə, Elm və Təhsil Nazirliyi də öz səlahiyyətləri çərçivəsində müəyyən məzmunlarla bağlı addımlar atıb: “Lakin qeyd etdiyim kimi, şagirdlər məktəbdən ayrıldıqdan sonra bu platformalardan istifadə imkanına malik olurlar. Buna görə də yaş məhdudiyyətlərinin tətbiqinə və bu məhdudiyyətlərə ciddi şəkildə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. TikTok-da qeydiyyatdan keçmək və platformadan istifadə etmək uşaqlar üçün də kifayət qədər əlçatandır. Bu isə onların həmin platformalara marağını və diqqətini daha da artırır.
Dərs zamanı bu platformalardan istifadə həm müəllimlərin, həm də şagirdlərin davranış qaydalarının pozulmasına, eləcə də məktəb mühitinə uyğun olmayan davranışların nümayiş etdirilməsinə səbəb ola bilər. Bu baxımdan, məsələ yalnız Elm və Təhsil Nazirliyi səviyyəsində həll edilməməli, daha geniş miqyasda müzakirə olunmalı və müvafiq qurumların iştirakı ilə daha qərarlar qəbul edilməlidir”.
