“Azərbaycanın mövqeyi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində üstün olacaq, Bakının fəal diplomatiyası həmişə uğurlu olub”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı baş tutan polemikaları şərh edərkən deyib.
“Qeyd edim ki, çıxışı zamanı Prezident İlham Əliyev Avropa təhlükəsizliyi üçün önəmli olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini vurğuladı. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının daimi tərəfdarı kimi çıxış etdi”, – P.Teys bildirib.
Onun fikrincə, ATƏT Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində təşkil etdiyi münaqişə çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərini tamamilə qoruya bilməyib.
“Azərbaycan Prezidenti ermənilərin insanlığa qarşı törədilmiş dəhşətli cinayətlərini və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri soyqırımını, mədəni irsin məhv edilməsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı”, – amerikalı ekspert vurğulayıb.
Müzakirələr zamanı Ermənistanın baş nazirinin mövqeyi barədə danışan politoloq P.Teys N.Paşinyanın çaşqın və zəif lider kimi göründüyünü, əməli ilə sözlərinin üst-üstə düşmədiyini qeyd edib.
“Paşinyan Dağlıq Qarabağdakı mövcud status-kvonu qorumağa çalışan sovet məmurudur. Rəsmi Yerevanın siyasətindəki yüksək korrupsiyalaşma bölgədəki silahlı qarşıdurmanı uzadır və erməni xalqını ifrat yoxsulluqdan əziyyət çəkməyə məcbur edir”, – deyə ekspert sözlərini tamamlayıb.