Qafqazda bütün konstitusiyalardan və müqavilələrdən qədim bir adət var: qonağı qonşudan icazə almadan qəbul edərlər. Qapılar taybatay açılır və ev sahibi qonağı özü evdə gəzdirir. Qüsursuz ev olmur: haradasa iş başa çatıb, haradasa hələ də davam edir. Gizlədəcək heç nəsi olmayan ev sahibinin yad gözlərdən qorxusu yoxdur. Qapılar yalnız gördüklərinə görə cavab verməyə hazır olmayan yerlərdə bərk-bərk bağlanır. Bu qayda nə dağ kəndində, nə də böyük siyasətdə — qapıların sərhəd, qonaqların isə səfir adlandırıldığı müstəvidə indiyə qədər bir dəfə də olsun yanılmayıb.
KONKRET.az xəbər verir ki, sentyabrın 11-də və 12-də evimizin bir neçə otağını 58 dövləti və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər gördü. Onları Xankəndi və Şuşadan, Ağdərə və Kəlbəcər rayonlarından keçirərək apardılar. Ev sahibinin təxminən 30 il ayaq basmasına icazə verilməyən yerlərdə dağları yarıb keçən yolları, vağzal kompleksini və mədəniyyət mərkəzini göstərdilər. Gəncəsər və Xudavəngi göstərdilər.
Fövqəladə heç bir şey baş vermədi. Ev sahibi qonaqları çağırıb otaqları gəzdirdi.
Etiraf edim ki, bu səfərlərdə mənim üçün ən qiymətli olan şey onların adi, gündəlik xarakter daşımasıdır. 30 il ərzində belə bir imkanımız ümumiyyətlə olmayıb. Bütöv bir azərbaycanlı nəsli Şuşanı və Kəlbəcəri valideynlərin hekayələrindən, ailə albomlarındakı saralmış fotolardan bilərək böyüyüb. İndi ora diplomatları daşıyan təyyarələr uçur, ardınca isə avtobuslar gedir – gündəlik həyat tərzi ilə, zəfər paradları və gurultulu sevinc nümayişləri olmadan. Və qayıtmış adilikdən daha əzəmətli heç nə yoxdur.
Lakin astananın o tayından qışqırıq qopdu. Erməni redaksiyaları, hər cür və hər biçimdə olan bloqerlər, qəzəbli məqalələrin və açıq məktubların müəllifləri dilə gəldilər. İrəvanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə izah etməyə çalışırdılar ki, onların Qarabağdakı həmkarları sadəcə səyahət etmirlər: guya hər bir foto və hər bir rəsmi jest siyasi əhəmiyyət daşıyır, belə bir səfərdə iştirak etmək isə utancverici bir əməldir. Səfirlərdən birinə ümumiyyətlə niyə məhz diplomatik fəaliyyət sahəsini seçdiyi barədə düşünmək təklif olundu.
Əsl məsələ, əsas sinir nöqtəsi məhz buradadır.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu tanınma baş nazir tərəfindən dəfələrlə təkrarlanıb, sənədlərdə təsbit olunub, bütün dünyaya ucadan bəyan edilib. Əgər bu, səmimidirsə, diplomatik korpusun Azərbaycan torpağına səfəri sıravi bir hadisədir: səfir olduğu ölkənin rayonuna gedir, bərpa olunmuş yollara baxır, paytaxta qayıdır. Burada nə müzakirə olunmalıdır ki?
Lakin sıravi olan bu qədər çaşqınlıq və qəzəb doğuranda, istər-istəməz düşünürsən ki, görəsən, əslində nə tanınıb.
Başqa yerlərdə bunun necə baş verdiyini xatırlamaq pis olmazdı. Almaniya Polşanın qərb sərhədini qəti şəkildə tanıyaraq, həm xəritələri, həm sorğu kitabçalarını, həm də ictimai dili bu tanınmaya uyğunlaşdırdı. Tanınma diplomatik kağızdan gündəlik həyata keçdi – və yalnız bundan sonra qonşuluq sadəcə atəşkəs olmaqdan çıxdı. Çünki sənədlərdə təsbit olunan, lakin ictimai müstəvidə hələ də mübahisə mövzusu olaraq qalan tanınma, şərtlərlə edilən tanınma olaraq qalır. Bu cür məsələlərdə isə əsl münasibəti məhz həmin şərt ifadə edir.
Təsdiqi çox gözləmək lazım gəlmədi. Sentyabrın 14-ü axşam saatlarında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Magdalena Qrono “Armenpress” informasiya agentliyinə müsahibə verdi. İki gün əvvəl o, ilk dəfə olaraq diplomatik korpusla birlikdə Qarabağ və Şərqi Zəngəzura səfər etmiş, səfər barədə ehtiyatlı bir paylaşım edərək bəzi yerlərin mənşəyinə dair baxışların kəskin şəkildə fərqləndiyini qeyd etmiş və bunun müqabilində İrəvandan sərt tənqidə məruz qalmışdı.
Və sonra onun birbaşa nitqinə başqa bir əl toxundu.
Qrono yerlərin adlarını Azərbaycan Respublikasının xəritəsində necə adlanırsa, məhz o cür – Kəlbəcər və Ağdərə adlandırdı. Onların yanında, sitatın daxilində erməni dövlət redaksiyası başqa adlar – Azərbaycan xəritəsində mövcud olmayan adlar yazdı və oxucu şübhə etməsin deyə bu əlavəni “(red.)” ixtisarı ilə işarələdi ki, guya bu “düzgün” və “vərdiş olunmuş” adlardır. Bu əlavələr tezliklə yoxa çıxdı: əvvəlki nəşri silib yenidən yerləşdirdilər, artıq əlavələr olmadan, lakin heç bir düzəliş qeydi qoymadan, bircə izahat sözü belə yazmadan. Ermənistan İctimai Radiosunun saytında isə ilkin mətn bu gün də qalmaqdadır.
Kim deyə bilər ki: mötərizədir, xırda şeydir, bircə işarə üçün qılınc sıyırmağa dəyərmi? Lakin bu, tək deyil. O, bütöv bir ölkənin nəfəs aldığı havanı formalaşdıran belə “xırda şeylərin” uzun bir zəncirində dayanır: axşam efirində səslənən adi bir söz, xəbər lentindəki adi bir sətir. Böyük siyasət sammitlərdə həyata keçirilir, sülh isə məhz burada – dairəvi mötərizələrdə, fotoaltı yazılarda, redaktorun gecəyarısı başqasının sitatını nə etdiyini heç düşünmədən necə redaktə etməsində qurulur. Məgər sülh belə qurulur?
Məhz bu körpüləri salan Azərbaycanın “Sülh körpüsü” Təşəbbüq Qrupu Ermənistandakı ictimai müzakirələrin tonundan məyus olduğunu bildirdi və göz önündə olan həqiqəti xatırlatdı: Azərbaycanın suveren ərazisinə səfər mübahisəli ola bilməz və səfillərə qarşı söz hücumları erməni tərəfinin tanıması faktının özünə ziddir.
İrs məsələsinə gəldikdə isə ayrıca danışmaq lazımdır. Qədim daşların mənsubiyyəti barədə bu köşədə mübahisə etməyin mənası yoxdur: heç bir dəlilim tarixin özünə əvvəlcədən müəyyən bir versiyasını seçənlərin fikrini dəyişdirə bilməz. Həmçinin məsələ indi bunda da deyil. Tarixi irs məsələlərində açıqlama istənilən bəyannamədən daha inandırıcıdır. Biz bir yarım yüz əcnəbini Gəncəsər və Xudavəngin divarlarına gətirdik, onlara baxmağa, çəkməyə, soruşmağa və qeyd etməyə imkan verdik. Yalnız gizlədəcək heç nəsi olmayanlar belə davranır.
Məncə, İrəvanda yaddaş qayğısına bu qədər çox qalırlarsa, gediş göz qabağındadır. İrəvanda akkreditə olunmuş səfillərə ünvanlanmış müraciətlər artıq yazılıb – birini də yazın, dəvətnamə ilə birlikdə. Onları toplayın və Ermənistanda gəzdirin. Yüzdən çox azərbaycanlı alim və ictimai xadimin YUNESCO-ya yazdıqları Təpəbaşı məhəlləsindən nə qaldığını göstərin – və qonaqlara bu məhəllədən indi nə qaldığını izah edin. Onları Vardanants küçəsinə aparıb Dəmirbulaq məscidinin yerini göstərin: 1909-cu ildə tikilmiş bu məscid 1988-ci ilə qədər fəaliyyət göstərib və 1990-cı ildə məhv edilib. Bu söküntünü artıq bolşeviklərin üstünə yıxa bilməzsiniz.
Onlara bu gün “Rossiya” kinoteatrının yerləşdiyi, əvvəllər isə Hacı Cəfər bəy məscidinin olduğu yeri göstərin. Onları yeganə salamat qalmış Göy məscidə də aparın və kameralar qarşısında izah edin ki, 1766-cı ildə İrəvan xanının əmri ilə tikilmiş məscid nə səbəbdən indi fars məscidi kimi qeyd olunur. Şəhərdən kənara çıxarıb səfirlərə kəndlərdə qəbiristanlıqlarımızdan və kənd məscidlərimizdən nə qaldığını göstərin.
Evimiz açıqdır və orada heç kəs qapanmaq fikrində deyil. Başqa diplomatlar, jurnalistlər və müxtəlif ölkələrdən gənclər də gələcəklər – şəhərlərin kül içindən necə qalxdığını öz gözləri ilə görmək istəyən hər kəs gələcək. Ev sahibi öz evində gizlənməz. Ev sahibi qonaq dəvət edər.
Qonşu isə bu arada astanada dayanıb icazəsiz olaraq evimizin ünvanını dəyişdirir. Və istər-istəməz düşünürsən: o, həqiqətənmi sülh istəyir, yoxsa hələ də əlverişli anı gözləyir? Sadəcə olaraq, başqalarının ünvanlarını dəyişdirmək erməni tərəfinə indiyə qədər heç vaxt xeyir gətirməyib. Sentyabr ayının yalan danışmadığını hər kəs bilir… (Mənbə: Haqqin.az)
Natiq Səlim,
KONKRET.az
