Ata-babalarımızdan bizlərə belə bir deyim miras qalıb: “Uzaq qohumdan yaxın qonşu yaxşıdır”. Təəssüflər olsun ki, odlar diyarı Azərbaycan öz yaxın qonşularından heç zaman yarımayıb. Bir tərəfdə şimal qonşumuz Rusiya, digər tərəfdə cənub qonşumuz İran tarix boyu Azərbaycan torpaqlarını işğal etmək uğrunda savaşıb. Nəticədə isə Azərbaycan şimallı-cənublu iki hissəyə bölünüb. Hələ qərb və cənub qərbdə olan mənfur qonşumuz (düşmənimiz) Ermənistanın tarix boyu başımıza gətirdiyi müsibətlərdən danışmaqla bitməz. Ancaq ən acınacaqlısı, bizi tarix boyu kürəyimizdən din qonşumuzun bıçaqlamasıdır. Təbii ki, söhbət cənub qonşumuz, özünü İslam təəssübkeşi sayan İran İslam Respublikasından gedir. Fars rejiminin tarix boyu etdiklərini görmək üçün, bircə Arazın o tayına, Cənubi Azərbaycana boylanmaq kifayətdir. 30 milyonluq soydaşımız öz dilindən uzaq, vətənindən ayrı illərdir ki yaşamaq məcburiyyətindədir. İndi də cənub qonşumuz Azərbaycanın İkinci Qarabağ müharibəsində öz əzli torpaqlarını düşmən tapdağından təmizləməsini heç cür həzm edə bilmir. Hirsini isə gah Azərbaycan torpaqlarından Ermənistana qanunsuz yük daşımaqla, gah da təhdidedici bəyanatlar səsləndirməklə çıxır.
Xameneinin Ərdəbil üzrə nümayəndəsi Ayətullah Həsən Amilinin Azərbaycana yönəlik “”Şirin quyruğu ilə oynama!” təhdidi isə hadisələrin ən pik nöqtəsidir desək yanılmarıq. Həsən Amilini görkəmli ədib Cəlil Məmmədquluzadənin yaradıcılığında qırmızı xətlə keçən nadan, cahil mollaların ümumiləşmiş obrazı kimi xarakterizə etmək olar. Əks halda elmli bir şəxs bu cür bəsit təhdid dolu ifadəni niyə işlətsin ki? Əlbəttə ki, öz igid oğullarının qanı ilə şanlı tarix yazan Azərbaycan üçün belə cılız təhdidlərin heç bir önəmi yoxdur. Ancaq necə deyərlər “dəyirman öz işindədir, amma çax-çax baş ağrıdır” axı. Üstəlik bu başağrısı özünü müsəlman adlandıran, islam təəssübkeşi kimi çıxış edən bir qonşu ölkədən gəlirsə, o zaman səbr kasası tamamilə dolub-daşır. İranın Ermənistana yardımı isə rəsmi Tehranı İslam dövlətindən daha çox din pərdəsi altında maskalanmış bir şeytan obrazında bütün dünyaya nümayiş etdirir.
Azərbaycanı İslam Respublikasının bir nömrəli düşməni İsraillə strateji müttəfiqlikdə günahlandıran iranpərəstlər hələ də anlamırlar ki, Amili və onun timsalında digərləri təkcə Azərbaycan xalqını deyil, həm də 30 milyonluq İran azərbaycanlılarını təhqir edir. İkincisi də, az qala bütün dünyanın İrana qarşı olduğu bir vaxtda, Azərbaycan heç zaman öz qonşusunun əleyhinə yaradılan cəbhədə birləşməyib. Heç zaman İranın ərazi bütövlüyünə təhlükə yaradan addımlar atmayıb. Azərbaycan İsraildən heç zaman pul almayıb, əksinə özü digər dövlətlərə investisiya və maliyyə yatırımları edib. Əvəzində isə rəsmi Tehran illərdir Azərbaycan torpaqlarını işğala məruz qoyan, müsəlman abidələrini dağıdan Ermənistanla həm iqtisadi, həm də hərbi əməkdaşlıq qurub. Bütün bunlar azmış kimi hələ Azərbaycan ərazilərindən qanunsuz keçərək Ermənistana yük də daşıyıb.
Azərbaycana Şahab raketlərini satmaqdan imtina edən İranın, rəsmi Bakıya Lora raketlərini verən İsraillə münasibətlərə görə bizi qınamağa hansı mənəvi haqqının çatdığını isə anlamaq mümkün deyil. İndi isə ən vacib sual budur: Görəsən bizim ruhanilər Amili kimi şarlatanların tərbiyəsizliyinə, ləyaqətsizliyinə niyə cavab vermir? Şeyx nə vaxt ayağa qalxıb İrandan gələn bu tərbiyəsizliyə dirəniş göstərməyə başlayacaq? Axı Amili həm də təmsil etdiyi ərdəbilliləri, oradakı milyonlarla soydaşımızı təhqir edir. Ona görə də, cənubdakı soydaşlarımız buna dözməməli və onlara cavab verməlidirlər.
Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən politoloq Məhəmməd Əsədullazadə deyir ki, İranın molla rejiminin hədələrinə Azərbaycan tərəfi lazımı cavab verəcək: “Rəsmi Bakının hərbi təlimlər keçirməsi və günü-gündən daha da güclənməsi İranı ciddi narahat edir. Ona görə də, Azərbaycan İranla bağlı siyasətində ciddi korrektə etməlidir. Çünki İran artıq hansı dövlət əxlaqına sahib olduğunu Azərbaycana nümayiş etdirib. Amili məsələsinə gəldikdə isə, bu şəxs İran siyasətinin bir hissəsidir. Görünür rəsmi Tehran bu şəxsin dili ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Düşünürəm ki, cənubi azərbaycanlılar İran rejiminin Azərbaycana qarşı bu siyasətinə öz etirazlarını bildirməlidirlər”.
Natiq Səlim
KONKRET.az

Azərbaycanda din xadimləri yox cin xadimləri var…siz onların sifətlərinə, söhbətlərinə və əməllərinə diqqət yetirin…İslamı hörmətdən salan məhz elə mollaların özləridirlər…İrana gəldikdə isə o haqda bir şey həqiqətdir ki, tarix boyu İran yalnız müsəlmanlarla, türklər isə qərb gavurları ilə savaşıb…Bax bu fakt özü hər şeyi deyir