Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu avqustun 3-də Balakən şəhərində keçirib.
KONKRET.az Komitəyə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Sonra Qax, Qəbələ, Oğuz, Zaqatala, Balakən və Şəki rayonlarından olan sakinlərlə keçirilən görüşdə torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi ilə bağlı vətəndaşların sualları cavablandırılıb, Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində həmçinin A.Quliyev və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev şəhərin Baş Planının reallaşdırılması vəziyyətini, davamlı inkişaf, sakinlərin həyat keyfiyyətini və rahatlığını təmin etmək üçün ictimai məkanların yaradılması istiqamətində görüləcək işləri müzakirə ediblər.