Özəl klinikalarda keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar üçün könüllü tibbi sığorta mühüm imkan yarada bilər. Lakin sığorta paketlərinin qiyməti, əhatə dairəsi və həkimlərlə klinikaların bu xidmətlər üzrə əldə etdiyi ödənişlər sistemin effektivliyinə birbaşa təsir göstərir.
Bəs könüllü tibbi sığortanı daha əlçatan etmək və həm pasiyent, həm də tibb müəssisələri üçün sərfəli model qurmaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ürək-damar cərrahı Orxan Məmmədov bildirib ki, sığorta şirkətləri daha əlçatan qiymətlərlə könüllü tibbi sığorta paketləri təqdim edə bilərlər:

“Daha əlçatan qiymətə təqdim etsələr, həkimlər də həmin xəstələri müayinə və müalicə etməkdə maraqlı olarlar. Bu, həm dövlət tibbi sığortasının yükünü azaldar, həm də xəstələrin daha keyfiyyətli tibbi xidmət almasına şərait yaradar”.
Həkim hesab edir ki, könüllü tibbi sığorta paketlərinin qiyməti və həkimlərə ödənilən məbləğlər real tibbi xidmətlərin dəyərinə uyğun müəyyənləşdirilməlidir:
“Sığorta paketlərinin qiyməti normal olmalıdır ki, həkimlər onları müayinə, müalicə və əməliyyat etməkdə maraqlı olsunlar. Hazırda mövcud paketlər nə həkim, nə də xəstəxana üçün kifayət qədər sərfəlidir”.
Orxan Məmmədovun sözlərinə görə, məhz bu amil bəzi həkimlərin könüllü tibbi sığorta ilə müraciət edən pasiyentləri qəbul etməsinə marağın azalmasına səbəb olur:
“Ona görə də həkimlər könüllü sığorta şirkətlərinin xəstələrini müayinə etməkdən çox vaxt boyun qaçırırlar”.
Mütəxəssis sığorta şirkətlərinin həkimlərin tibbi qərarlarına müdaxilə etməsinin də düzgün olmadığını vurğulayıb. Onun fikrincə, müayinə və müalicə ilə bağlı qərarlar həkimin peşəkar qiymətləndirməsinə əsaslanmalıdır:
“Sığorta şirkətləri adətən həkimlərə bəzən əlavə suallar verirlər. Mütəxəssisin işinə qarışmaq düzgün deyil. Həkim boşuna müayinə etmir”.
Beləliklə, həkimin fikrincə, könüllü tibbi sığortanın daha geniş yayılması üçün əsas məsələlərdən biri sığorta paketlərinin həm pasiyent, həm də həkim və klinikalar üçün real və balanslı şərtlərlə hazırlanmasıdır.
Aynurə İsmayıl
KONKRET.az
