Hazırda ölkədə orta aylıq əməkhaqqının 1175 manata qədər artdığı məlumdur, lakin bu o demək deyil ki, Azərbaycanda hamı bu məbləğdə əməkhaqqı alır, sadəcə olaraq orta əməkhaqqının ümumi göstəricisi budur.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ölkəmizdə hazırda 1175 manatdan aşağı kifayət qədər əməkhaqqı mövcuddur:
“Bu baxımdan hesab etsək ki, hazırdakı qiymətlərə görə 1 mənzili almaq üçün ən azı 200 min manat tələb olunur və həmin məbləği aylara bölsək, təqribən 14 il edir.
Lakin nəzərə alsaq ki, bütövlüklə əməkhaqqı mənzil almaq üçün yığım vasitəsi ola bilməz, onun yalnız bir hissəsini xərcləyərək yığım etmək mümkündür və o baxımdan bu 14 illik müddət ən azı 40 ilədək uzana bilər.
Hesab etsək ki, vətəndaş orta əməkhaqqının 30%-ni mənzil əldə etmək üçün yığıma ayırır, bu, təqribən ortalama 40 illik bir müddəti əhatə edir ki, bu da olduqca böyük dövr və hazırda mənzil əlçatanlığının aşağı olması deməkdir. Bu əlçatanlıq təkcə daşınmaz əmlakın bazar qiymətlərinin yüksək olması ilə əlaqəli deyil, eyni zamanda əməkhaqqının məbləği ilə bağlıdır.
Mənzil qiymətlərinin vətəndaş gəlirlərinə olan nisbətinə baxdıqda, hazırda mənzil əldə etməyin vətəndaş üçün çox bahalı bir addım olduğunu söyləyə bilərik, xüsusilə də Bakı şəhərində bu daha əlçatmaz görünür.
Bakıdan kənara çıxdıqda qiymətlər müəyyən qədər azalır və həmin 40 il təqribən – əgər ehtimal etsək ki, orta aylıq əməkhaqqı Bakının kənarlarına da aiddir – o zaman 20 ilə qədər düşə bilər. Amma söhbət ondan gedir ki, Bakının kənarlarında, Abşeron yarımadasının ayrı-ayrı kənd və qəsəbələrində əməkhaqqı yüksək deyil, o baxımdan gəlirlilik yalnız və yalnız şəhərin mərkəzində daha yüksək səviyyədə qəbul olunur. Ev qiymətləri maaşlara görə çox bahadır, bu da daşınmaz əmlakın investisiya cəlbediciliyi ilə bağlı bir məsələdir və eyni zamanda daşınmaz əmlakın bazara təklif edilənə qədər olan xərcləri, onun tikintisinə çəkilən xərclərlə bağlıdır”.
V.Oruc qeyd edib ki, məlum olduğu kimi, həm xərclər, həm də daşınmaz əmlakın üzərində yerləşdiyi torpaq sahələrinin qiyməti yüksəkdir:
“Bu baxımdan daşınmaz əmlakın, xüsusən də mənzillərin kvadratmetr maya dəyəri yüksək olduğuna görə, təbii ki, bazar qiyməti də yüksək təklif olunur. Daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından hazırda prioritet təşkil edir və qiymətlər durmadan artır, bu, davam edən bir prosesdir. Əməkhaqqılar isə yalnız ildə bir dəfə indeksasiya ilə 10 faizə qədər artırılır və təbii ki, ölkə iqtisadiyyatına uyğun olaraq vətəndaşların gəlirliliyi yüksəlir, lakin hər il əlçatanlıq bir o qədər – ən azı 5% azalmış olur.
O baxımdan nə etmək olar? Təbii ki, birincisi iqtisadi inkişafa nail olmaq, sürətli iqtisadi inkişaf proqramının təmin olunması lazımdır ki, dövlət də bu istiqamətdə müvafiq addımlar atıb. Digər bir istiqamət isə mənzil əlçatanlığının təmin olunmalıdır ki, bu da sosial layihələrlə mümkündür.
İpoteka əlçatanlığının yüksəldilməsi, şərtlərin asanlaşdırılması, faizlərin azaldılması, pensiya fondunun ipoteka ehtiyatlarına yönəldilməsi və bu kimi addımlar daha çox vətəndaşın mənzil sahibi olmasına imkan yarada bilər. Bazara daha çox mənzil çıxarılmalıdır ki, bu halda qiymətlər də tənzimlənər.
O vətəndaş yalnız sırf yığımla mənzil əldə edə bilər ki, onun maaşı təqribən 3 min manatdan yuxarı olsun və o belə yenə də 12-20 il ərzində həmin məbləği toplaya bilər. Amma nəzərə alsaq ki, o yığım toplandığı müddətdə də iqtisadi dəyişikliklər olacaq, yığılan məbləğin özü də mənzil almağa yetərli olmur. Ona görə də yığımdan daha çox ipoteka əlçatanlığından yararlanmaq lazımdır. Yaxın zaman ərzində isə mənzil qiymətlərində hər hansı enmə müşahidə olunmayacaq”.
