Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi – FOTOLAR backend

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 18 sentyabr 2026-cı il tarixində Tərtər şəhərində Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

KONKRET.az xəbər verir ki, qəbuldan öncə Anar Quliyev Tərtər şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq Ümummilli liderin əziz xatirəsini ehtiramla yad edib.

Görüş zamanı torpaq münasibətləri, qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi, şəhərsalma sənədləri, eləcə də tikinti sahəsinə aid digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qaldırılan məsələlər Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə ətraflı araşdırılıb, müvafiq izahatlar verilib və əlavə tədbirlərin görülməsini tələb edən müraciətlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Görüş iştirakçıları arasında İkinci Qarabağ müharibəsi zamanı raket hücumları nəticəsində evləri dağılmış və ya ciddi ziyan dəymiş, sonradan isə dövlətin birbaşa dəstəyi ilə yenidən inşa edilmiş və ya bərpa olunmuş Tərtər sakinləri də olub. Vətəndaşlar göstərilən diqqətə, dəstəyə və görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, həmçinin Komitə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*