Ötən ilin martında, Novruz bayramı günü Qazaxın Aşağı Salahlı kəndində qətlə yetirilən Tamerlan Sadıqovun ölüm işi ilə bağlı məhkəmə prosesi başa çatıb.
KONKRET.az bildirir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində hakim qarşısına 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev çıxarılıb.
X.Məmmədrzayev məhkəmədə ifadəsində qonşusunu qısqanclıq zəminində ov tüfəngi ilə qətlə yetirdiyini bildirib.
Məlum olub ki, Xaliq çobanla söhbət edərkən qapıdan səs gəldiyi üçün həyətə çıxıb, bu zaman qonşusunu ona məxsus “Qazel”in içərisində əyləşmiş vəziyyətdə görüb. Şübhələrini özündə dəqiqləşdirdiyini bildirən Xaliq, Tamerlana “Gözlə, gəlirəm” deyərək yenidən evə daxil olub və ov tüfəngini gətirərək qonşusuna atəş açıb.
Bundan sonra Xaliq Tamerlanın nəşini sürüyərək həyətdəki quyuya atıb. Həmin gecə yağış yağdığı üçün yerdə hər hansı iz qalmayıb. Sonradan evə daxil olan təqsirləndirilən şəxs bu barədə ailə üzvlərinə məlumat verib.
Hadisənin üstü təxminən 5 ay gizli qalıb. Bu müddət ərzində o, Tamerlanın harada olması barədə sorğulara heç nə bilmədiyi şəklində cavab verib.
O da müəyyənləşib ki, həmin ərəfədə Xaliq Məmmədrzayev həyat yoldaşından boşanmaq ərəfəsində olub. Cinayətin üstünün açılmasından qorxduğu üçün, əvvəlcədən məhkəməyə boşanma ərizəsi verməsinə baxmayaraq, həyat yoldaşı ilə 5 ay eyni evdə yaşamağa davam edib. Aralarında mübahisə yaranan zaman həyat yoldaşı arabir onu hadisə barədə polisə xəbər verəcəyi ilə hədələyib.
Həmçinin əvvəllər zərərçəkmişlə marketin qarşısında danışarkən obyektin təhlükəsizlik kamerasına düşdüyü üçün də qorxu içində olub. Sonradan o, şəhərdə olan zaman çobanının polis şöbəsinə aparıldığını və onun hadisə barədə bildiyi bütün faktları hüquq-mühafizə orqanlarına danışdığını öyrənib. Bunun ardınca, o, çobanın ifadəsini təsdiq edərək törətdiyi cinayət əməlini könüllü şəkildə etiraf edib.
Məhkəmədə ifadələrində həm zərərçəkmişin hüquqi varisi, həm də Xaliqin həyat yoldaşı təqsirləndirilən şəxsin şübhələrinin əssasız olduğunu bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, X.Məmmədrzayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
