Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının(TŞ) katibi vəzifəsinin ləğvi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, məlumatı Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan “Joxovurd” nəşrinə təsdiqləyib.
Bu isə o deməkdir ki, yeni konstitusiya qəbul ediləcəyi təqdirdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hazırkı vəzifəsini itirəcək.
Qəzet həmçinin bildirir ki, Simonyan şəxsi söhbətlərində 2028-ci il seçkilərində İrəvan meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu ifadə edib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanla Alen Simonyan bir siyasi partiyada təmsil olunmaqla yanaşı, həm də bir-birinə yaxınlığı ilə seçilirlər. Hətta son parlament seçkiləri dönəmində Paşinyanın keçirdiyi seçkiqabağı təbliğat tədbirlərində Simonyan bir qayda olaraq baş naziri müşayiət edirdi. Seçkidən sonra isə parlamentin sədri olan Simonyan birdən-birə başqa vəzifəyə, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat aldı. Bu əsasda fikirlər səsləndi ki, Paşinyan guya Alen Simonyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır.
İndi də bildirilir ki, yeni konstitusiya layihəsində TŞ-nin katibi vəzifəsinin ləğvi gözlənilir. Bu açıqlama müəyyən mənada Simonyanın siyasi arenada vurulacağı anlamına gəlir.
Lakin Simonyan şəxsi söhbətlərində 2028-ci il seçkilərində İrəvan meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirməsi heç də onun vurulacağını göstərmir. Əksinə, görünən odur ki, Alen Simonyanın əvvəlcə parlament sədri və yeni konstitusiya layihəsində öz əksini tapacağı təqdirdə, TŞ-nin katibi postunu itirməsi heç də onun siyasi karyerasının bitməsi anlamına gəlmir.
Şəxsi söhbətlərdə səslənən fikir belə deməyə əsas verir ki, Paşinyan özü də Simonyanın İrəvanın növbəti meri olmasında maraqlıdır. Paytaxtın meri seçilmək isə gələcəkdə baş nazir olmaq ehtimallarını da artırır. Bu isə belə düşünməyə əsas verir ki, növbəti mərhələdə Simonyan Paşinyanın xələfi qismində çıxış edə bilər. Görünür, Paşinyan gələcəkdə öz yerində baş nazir postunda məhz Alen Simonyanın olmasını istəyir…bakupost.az
