Aral dənizinin xilası Qazaxıstana tapşırıldı – Beynəlxalq Aralı Xilasetmə Fonduna sədrlik Astanaya keçdibackend

Aral dənizinin xilası Qazaxıstana tapşırıldı - Beynəlxalq Aralı Xilasetmə Fonduna sədrlik Astanaya keçdi

Abdulvahab Kara, professor

“Dünyanın ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin xilası üçün səylər davam edir. Son illərdə bununla bağlı fəaliyyətini artıran Beynəlxalq Aralı Xilasetmə Fonduna (IFAS) sədrlik 2024-cü ilin yanvar ayından Qazaxıstana keçib”.

KONKRET.az-a açıqlama verən tanınmış ekoloq, professor Abdulvahab Kara bildirib ki, Qazaxıstan bu vəzifəni üç il müddətinə yerinə yetirəcək: “Bu üç ildə Qazaxıstan üçün görüləcək çox iş var və Qazaxıstan Aral dənizinin xilası üçün fəaliyyətə töhfə verməyə hazır və qətiyyətli görünür. Bu səbəbdən Mərkəzi Asiyada yüksək iqtisadi və inkişaf səviyyəsinə malik Qazaxıstanın müddətli sədrliyi dövründə mühüm uğurların əldə olunacağına ümid edilir”.

Hömsöhbətimiz fikirlərini belə davam etdirib: “Tacikistan 1993-cü ildə Aral dənizi hövzəsində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə yaradılmış Beynəlxalq Aral Dənizinin Bərpası Fondunun sonuncu sədri olub. 15 sentyabr 2023-cü il tarixində Tacikistanın paytaxtı Düşənbədə Beynəlxalq Aral Dənizinin Bərpası Fondunun Təsisçi Ölkələrinin Dövlət Başçıları Şurasının iclasında suyun, ətraf mühitin yaxşılaşdırılması üçün hərtərəfli araşdırmaların aparıldığı vurğulanıb. İclasda regionda su problemləri, iqlim dəyişikliyi, buzlaqların əriməsi kimi məsələlər müzakirə edilib və Beynəlxalq Aral Dənizinin Bərpası Fondunun təsisçi ölkələrin Dövlət Başçıları Şurasının müddətli sədrliyinin 2024-cü ildən Qazaxıstana keçməsi qərara alınıb”.

Qeyd edək ki, Aral Dənizinin Bərpası Fondunun fəaliyyəti hazırda Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa və Asiyada ətraf mühitin mühafizəsi üzrə qeyri-hökumət təşkilatları tərəfindən izlənilir və dəstəklənir. Fondun əsas məqsədi Aral dənizinin problemlərinin həllinə yönəlmiş ekoloji və sosial şəraitin yaxşılaşdırılması, su, ekoloji və sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verməkdir. Bu kontekstdə IFAS Aral dənizi regionunda davamlı inkişafı təşviq etmək məqsədi ilə beynəlxalq təşkilatlar, donorlar, özəl sektor və özəl investorlarla əməkdaşlıq edərək ekoloji problemləri birgə həll edir.

Qazaxıstan Prezidenti Kasım Jomert Tokayevin Qazaxıstanda yeni Su Təsərrüfatı və Suvarma Nazirliyinin yaradılması ilə bağlı son təşəbbüsü Aral dənizinin xilası səylərinə töhfə verən addım kimi qiymətləndirilir. Qazaxıstan prezidenti ötən ilin sentyabrında Qazaxıstan xalqına illik müraciətində Su Təsərrüfatı və Suvarma Nazirliyinin yaradılmasını elan edib. Bu inkişaf uzun illərdir sudan istifadə ilə bağlı tədbirlərin zəruriliyindən danışan mütəxəssislər tərəfindən müsbət qarşılanıb. Tokayevin Qazaxıstanda yeni Su Təsərrüfatları və Suvarma Nazirliyinin yaradılması səyi ölkələr arasında suyun bölüşdürülməsi problemlərinin məqsədyönlü həlli və IFAS platformasında əməkdaşlıq üçün bir sıra müsbət elementlərə malikdir. IFAS üzvlərinin maraqlarını nəzərə alaraq, Aral dənizinə axan çaylardan istifadə qaydalarının müəyyən edilməsi və bütün ölkələr üçün ümumi, vahid sudan istifadə qaydalarının yaradılması həll yolunda mühüm addım ola bilər. Aral Dənizinin Bərpası üzrə Beynəlxalq Fonda sədrlik edən ölkə kimi Qazaxıstanın Su Təsərrüfatları Nazirliyi bunun üçün hüquqi baza yaratmaq vəzifəsini öz üzərinə götürə bilər.

Abdulvahab Kara bildirib ki, belə bir baza sənədinin qəbulu Mərkəzi Asiya ölkələri arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək:

“Aral dənizi problemlərinin həllini tapmaq üçün IFAS dövlətlərinin liderləri birlikdə hərəkət etməyə və ümumi həll platforması yaratmağa çalışırlar. Qonşuluq münasibətlərinin mahiyyətindən asılı olmayaraq, beş dövlət Aral dənizinin ekoloji vəziyyətindən söhbət gedəndə həmişə bir araya gəlmək və ümumi həll yolu tapmaq iradəsinə malikdir. Bu baxımdan, IFAS 30 il ərzində beş Mərkəzi Asiya ölkəsini birləşdirən yeganə institusional təşkilat olması ilə unikaldır. Qarşıdan gələn ümumi su ehtiyatları defisiti kontekstində bu çətin problemin ümumi həll yolunun axtarışında həll olunması və etiraf edilməsi qaçılmazdır. Bu faktın reallaşması Mərkəzi Asiya ölkələrinin prezidentlərinə Fonda öz təşkilati strukturunu tez bir zamanda inkişaf etdirmək və başa çatdırmaq barədə göstəriş verməyə stimul yaratdı.

Bu o deməkdir ki, müvafiq regional İşçi Qrupu çərçivəsində səmərəli iş aparılacaq. Bu proses kompleks və uzunmüddətli tədqiqat, o cümlədən digər transsərhəd hövzələrdəki təşkilatların təcrübələrinin ətraflı və sistemli şəkildə araşdırılmasını və Aral dənizi hövzəsinin unikallığına uyğun modelin yaradılması səyini tələb edir.

Beynəlxalq Aral Dənizinin Bərpası Fondunun həqiqi potensialından hələ də istifadə olunmayıb. Təbii ki, qlobal proseslər, o cümlədən dünyada baş verən ekoloji dəyişikliklər fonunda IFAS-ın rolu və əhəmiyyəti daha da aydınlaşacaqdır. Fakt budur ki, hələ də Beynəlxalq Aral Dənizinin Bərpası Fondunun həqiqi potensialından hələ də istifadə olunmayıb. Təbii ki, qlobal proseslər, o cümlədən dünyada baş verən ekoloji dəyişikliklər fonunda IFAS-ın rolu və əhəmiyyəti daha da aydınlaşacaqdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*