“40 milyon azərbaycanlının ana dili hüquqları da daxil olmaqla bütün hüquqlarının qorunması üçün və assimilyasiya siyasətlərinə qarşı Azərbaycan dövləti hər zaman soydaşlarımızın yanında olacaq”. Prezidentin birbaşa olaraq Özbəkistandan, Türk Dövlətləri Birliyinin iclasından verdiyi bu mesajlar şübhəsiz hədəfinə çatdı. İlham Əliyev bu fikiri səsləndirməklə bir daha 50 milyon azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdi. Necə deyərlər dosta sevinc və qürur, düşmənə isə göz dağı verən açıqlamaların İranda hansı əks-səda yaradacağını təsəvvür etmək elə də çətin deyil. İndi əsas məsələ İranın bu mesajlardan dərs götürüb-götürməyəcəyi ilə bağlıdır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Murad Sadəddinov bildirib ki, İran bu fikirlərdən nəticə çıxararaq orada yaşayan həmvətənlərimizin hüquqlarını təmin etməlidir: “Bu gün İran nəinki orada yaşayan azərbaycanlıların hüquqlarını qorumur, hətta müstəqil Azərbaycan Respublikasının haqq sədasına qarşı çıxır. Bu baxımdan hesab edirəm ki, İranda azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə hamımız qoşulmalıyıq. Çünki İran rəsmiləri etirazlarda saxlanılan şəxslərin hamısının edam olunması haqda sərsəm fikirlər səsləndirirlər. Orada təxminən 14 min insanın saxlanıldığı haqda məlumatlar var. Bu, heç bir ümumbəşəri prinsiplərə uyğun gəlmir. Ona görə də, biz hamımız haqq səsimizi ucaltmalı, beynəlxalq təşkilatlar vasitəsi ilə Tehrana qarşı təpki göstərməliyik”.
![]()
Politoloqun sözlərinə görə, insanların öz hüquq və azadlıqlarını tələb etməsi fonunda onların cəzalandırılması heç bir haqq və hüquqa, eləcə də İslam qanunlarına sığmır: “İslam qanunu ilə insana həyatı Allah bəxş edir. Bunu almağa heç kimin ixtiyarı yoxdur. Dinimizə uyğun olaraq haqsızlığa qarşı etiraz isə hər bir müsəlmanın borcudur. Odur ki, biz hamımız haqq və hüquqları pozulan soydaşlarımıza dəstək olmalıyıq”.
Murad Sadəddinov əlavə edib ki, Prezidentin mesaj verdiyi məkanı da nəzərə almaq lazımdır: “Fikirlər Türk Dövlətləri Birliyinin iclasında səsləndirilib. Birmənalı şəkildə İrana bildirilir ki, Türk Dövlətləri Birliyinin maraqlarının əleyhinə atdığı addımlar, düşmən Ermənistanla yaratdığı koalisiya rəsmi Tehran üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Odur ki, İran gec olmadan özünü yığışdırmalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
