İlk dəfə atəşkəs məsələsi 1992-ci ildə, İranın vasitəçiliyi ilə, 7 mayda müzakirə edilmiş və ilkin razılaşmalar da imzalanmışdı. O vaxt ermənilər SSRİ ordusunun mərkəzi komandanlığın nəzarətindən çıxan hissələri ilə birgə hücum edirdilər.
Atəşkəsi arzulayırdıq, axan qanların durmasını istəyirdik, saziş də hazırlanmışdı.
Nəticəsi cəmi bir gündən sonra özünü göstərdi: 8 mayda Şuşa işğal olundu.
İrana etirazımız və İranın Ermənistana “etirazı” “ünvana çatınca” artıq Laçın da işğal edildi.
Ermənilər bütün dünyanın çağırışına baxmadan hücumu davam etdirir, etnik təmizləmə aparır, soydaşlarımızı yurd-yuvalarından qovurdular.
2 aprel 1993-cü ildə Kəlbəcər də işğal edildi, rayonun 60 min əhalisi – ki hazırda bütövlükdə Dağlıq Qarabağda 60 min erməni yaşayır – bircə günün içərisində yurdundan qovuldu, köçkün oldu.
BMT TŞ-nin qətnamələrinin daha biri Kəlbəcərin işğalı ilə ortaya çıxdı: Ermənistanın işğalçı ordusu dərhal işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxsın deyə.
Nəticəsi özünü çox “gözlətmədi”: yeni işğallar başladı – Ağdam, Füzuli, Cəbrayıl… bir-birinin ardınca işğal olundu.
İndi niyə atəşkəs elan olunmalıdır? Ona görə ki, Ermənistan və Paşinyan istəyir? Ona görə ki, Fransa arzulayır, Rusiya tərəfləri sülhə çağırır?
Bəs, 1992-93-cü illərdə ATƏT, BMT sülhə çağırmırdımı? Bütün dünya Qarabağda atəşkəs elan edilməsini istəmirdimi? Ermənilər bu çağırışların ardınca neçə rayonumuzu işğal edib, neçə yüz min insanımızı didərgin etdi, neçə min dinc sakini qətlə yetirdi?
Ermənistanın işğalına imkan yaradanlar Azərbaycanın dünya birliyi, elə Rusiyanın, Fransanın özü tərəfindən qəbul edilən torpaqlarına sahiblənməsi üçün apardığı Vətən müharibəsində nə yaman əl-ayağa düşüblər? Ermənistanın səfi pozulub, ordusu qaçmağa üz qoyanda nə yaman ortaya atılıb, görüşləri belə 3 gün qabağa çəkirlər?
Bir ölkənin ərazi bütövlüyünün bərpası üçün apardığı savaşa qarşı necə sürətlə birləşiblər? Separatizmə necə dəstək verirlər?
Doğru qərarı, əlbəttə, dövlətimiz verəcək, nə mümkündür, edəcək, tam əminik!
Amma biz SAVAŞA DAVAM deyirik!
Mənbə: Bakupost.az
