Sevindirici xəbər: Magistr diplomu maaşı 30-40 faiz artıra bilər – EKSPERTDƏN AÇIQLAMAbackend

Sevindirici xəbər: Magistr diplomu maaşı 30-40 faiz artıra bilər – EKSPERTDƏN AÇIQLAMA

Son illər ali təhsilin növbəti pilləsi olan magistraturaya maraq və onun əmək bazarındakı əhəmiyyəti müzakirə mövzusuna çevrilib. Bir çox gənc magistr diplomunun karyera imkanlarını genişləndirəcəyini və daha yüksək əməkhaqqı əldə etməyə şərait yaradacağını düşünür. Lakin magistratura təhsilinin əməkhaqqına təsiri hər zaman eyni olmur.

Bəs magistr diplomu eyni vəzifədə çalışan şəxsin maaşını 30-40 faiz artıra bilərmi? Ümumiyyətlə, işəgötürənlər magistr dərəcəsini əməkhaqqının müəyyənləşdirilməsində nə dərəcədə nəzərə alırlar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Turan Hüseynov bildirib ki, Azərbaycanda magistraturaya marağın kəskin artdığını birmənalı şəkildə söyləmək çətindir. Onun sözlərinə görə, hazırda bu təhsil pilləsini seçənlərin müəyyən hissəsi daha məqsədyönlü şəkildə ixtisaslaşmağa, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmağa və gələcək karyera imkanlarını genişləndirməyə çalışır.

Ekspert qeyd edib ki, 2026/2027-ci tədris ili üzrə ixtisaslaşma seçimində 15 721 bakalavr iştirak edib və onlardan 13 845-i magistraturaya qəbul olunub:

“Magistraturaya marağın kəskin artdığını deməkdənsə, bu mərhələyə müraciət edənlərin müəyyən hissəsinin daha məqsədli və hədəfyönlü olduğunu vurğulamaq daha doğru olar. Onlar sadəcə diplom əldə etmək üçün deyil, öz sahələrində daha dərindən ixtisaslaşmaq, elmi-tədqiqat aparmaq, karyera imkanlarını genişləndirmək və gələcəkdə doktorantura təhsilinə davam etmək məqsədilə magistraturaya üz tuturlar. Bu, müsbət tendensiyadır”.

Turan Hüseynovun fikrincə, magistr diplomunun əmək bazarında real iqtisadi dəyəri var. Lakin bu, ali təhsilin ikinci pilləsini bitirən hər kəsin avtomatik olaraq daha yüksək maaş alacağı anlamına gəlmir. Əməkhaqqının müəyyənləşməsində ixtisas, iş təcrübəsi, tutulan vəzifə, peşəkar bacarıqlar, şirkətin siyasəti və əmək bazarındakı tələbat kimi amillər də mühüm rol oynayır.

Ekspert dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2026-cı il hesabatına əsasən, təşkilata üzv ölkələrdə magistr və ya doktorantura səviyyəsində təhsili olan şəxslər yalnız orta təhsillə kifayətlənənlərlə müqayisədə orta hesabla təxminən 80 faiz daha yüksək gəlir əldə edirlər. Bakalavr təhsili olan şəxslərdə isə bu fərq təxminən 39 faiz təşkil edir.

Bununla belə, ekspert vurğulayıb ki, həmin göstəriciləri magistr və bakalavr məzunlarının əməkhaqqı arasındakı fərq kimi təqdim etmək düzgün deyil. Belə ki, bu rəqəmlər fərqli təhsil səviyyələrinə malik şəxslərin orta gəlirlərini müqayisə edir və magistr diplomunun bakalavr diplomu ilə müqayisədə maaşı konkret faizlə artırdığını göstərmir.

Eyni vəzifədə çalışan bakalavr və magistr məzunlarının əməkhaqqı arasında 30-40 faizlik fərqin yaranmasının mümkünlüyünə gəlincə, Turan Hüseynov bunun ayrı-ayrı müəssisə və ixtisaslar üzrə real ola biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi iş yerlərində əməkhaqqı sistemi təhsil səviyyəsini nəzərə alır və magistr dərəcəsi daha yüksək ixtisaslaşma, mürəkkəb məsuliyyət və ya əlavə peşəkar hazırlıq tələb edən işlərə çıxış imkanı yaradır.

“Eyni vəzifədə, eyni təcrübəyə, məsuliyyətə və məhsuldarlıq səviyyəsinə malik iki şəxsdən yalnız birinin magistr diplomuna görə mütləq 30-40 faiz daha yüksək maaş alması bütün əmək bazarı üçün gözlənilən norma deyil. Belə bir fərq müəyyən müəssisələrdə yarana bilər, lakin bunu universal qayda kimi qəbul etmək düzgün olmaz”, – deyə ekspert qeyd edib.

Təhsil eksperti hesab edir ki, magistr diplomunun əmək bazarında daha ciddi qiymətləndirilməsi üçün ilk növbədə bu pillədə təhsilin keyfiyyəti yüksəldilməlidir. Onun sözlərinə görə, magistratura bakalavr təhsilinin sadəcə davamı olmamalı, tələbələrə konkret sahə üzrə ixtisaslaşmaq, analitik düşüncəni inkişaf etdirmək, elmi metodlardan istifadə etmək və praktiki bacarıqlar qazanmaq imkanı yaratmalıdır.

Ekspertin qənaətinə görə, magistratura təhsilinin əsas məqsədi diplomların sayını artırmaq deyil, məzunların peşəkar bilik və bacarıqlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq olmalıdır. Əlavə təhsil nəticəsində əldə olunan bilik və ixtisaslaşma real iş fəaliyyətində özünü göstərdikdə, bu, karyera yüksəlişi və gəlir artımı üçün də zəmin yarada bilər.

Turan Hüseynov əlavə edib ki, magistratura məzunlarının əmək bazarında üstünlüklərinin olması gənclərin bu təhsil pilləsinə marağını da stimullaşdıra bilər. Əldə edilən ixtisaslaşma və tədqiqat bacarıqlarının karyera imkanlarında və əməkhaqqında əksini tapması isə gələcəkdə doktorantura və elmi fəaliyyətə marağın artmasına da şərait yarada bilər.

Ekspertin fikrincə, magistr diplomunun əməkhaqqına təsiri real olsa da, maaşın avtomatik olaraq 30-40 faiz artacağını iddia etmək elmi və statistik baxımdan əsaslı deyil. Əsas meyar diplomun özündən daha çox onun arxasında dayanan bilik, ixtisaslaşma, tədqiqat bacarığı və peşəkar kompetensiyalardır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*