Avronun dollara qarşı məzənnəsi son 17 ayın ən aşağı səviyyəsinə enib.
KONKRET.az xəbər verir ki, buna səbəb kimi Fransanın dövlət borcunun artması göstərilir.
2026-cı ilin əvvəlindən etibarən Avropa valyutası təxminən 5 faiz dəyər itirib və hazırda 1,12 dollar səviyyəsində ticarət olunur. Bu, son 17 ayın ən aşağı göstəricisidir.
“Oxford Economics” şirkətinin iqtisadçısı Rikardo Amaronun sözlərinə görə, avronun ucuzlaşmasının səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətindəki dəyişikliklər, digəri isə Fransanın dövlət borcudur. Sentyabrın sonunda Fransa dövlət istiqrazlarının satışının sürətlənməsi ölkənin dövlət maliyyəsinin uzunmüddətli dayanıqlılığı ilə bağlı şübhələri artırıb.
Fransa artıq uzun illərdir xroniki büdcə problemləri ilə üzləşir. Emmanuel Makronun 2017-ci ildə hakimiyyətə gəlməsindən sonra dövlət xərcləri artıb, eyni zamanda genişmiqyaslı vergi güzəştləri tətbiq olunub. Nəticədə ölkənin dövlət borcu 1 trilyon avrodan çox artıb.
Hazırda Fransanın dövlət borcunun ÜDM-ə nisbəti 118 faizə yaxınlaşır. Ölkənin büdcəsi isə kəsirlə icra olunur: illik büdcə kəsiri müntəzəm olaraq ÜDM-in 5 faizini ötür. Makronun prezidentliyinin əvvəlində bu göstərici təxminən 3,4 faiz təşkil edirdi.
“Deutsche Bank”ın strateqi Cim Rid bildirib ki, Almaniya və Fransa dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq bəzi dövrlərdə o qədər artıb ki, maliyyə bazarlarında “mini-panikaya” bənzər vəziyyət yaranıb.
“Əsas sual budur: baş verənlər avrozonada yeni borc böhranının başlanğıcıdır, yoxsa bazarlar mövcud vəziyyətə həddindən artıq reaksiya verir?” – deyə Rid bildirib.
Ağagül Mürsəlov,
KONKRET.az
