Ölkəmizdə ümumi orta təhsil icbaridir. Dövlət icbariü mumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunması və belə halların qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusunca cavab olaraq, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq müvafiq qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir.
Valideyn məsuliyyətinin artırılması məqsədilə müvafiq qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.
Şagirdlərin dərsə davamiyyəti təhsil müəssisələri tərəfindən nəzarətdə saxlanılır. Qanuni nümayəndə ilə aparılan iş nəticəsində şagirdin davamiyyəti təmin edilmədikdə müvafiq yerli bölməyə məlumat verilməklə, şagirdin təhsildən yayınması barədə müvafiq rayon və ya şəhər icra hakimiyyətinə və aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir.
