Xərçəng xəstəliyi zamanı sürətli çəki itkisi xəstələrin səhhətinə ciddi təsir göstərən əsas problemlərdən biridir. Bu proses təkcə iştahanın azalması ilə deyil, həm də şişin böyüməsi, orqanizmin qida qəbulunda yaranan çətinliklər və maddələr mübadiləsində baş verən dəyişikliklərlə əlaqəli ola bilər.
Bəs xərçəng xəstələri niyə qısa müddətdə sürətlə arıqlayırlar? Şişin yerləşdiyi nahiyə və xəstəliyin mərhələsi bu prosesə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəng xəstələrində çəki itkisinin əsas səbəblərindən biri şişin böyüməsi nəticəsində qidalanmanın çətinləşməsidir.

“Təəssüf ki, bir çox pasiyent həkimə xəstəliyin üçüncü və dördüncü mərhələlərində müraciət edir. Buna görə də vətəndaşların heç bir şikayəti olmasa belə, mütəmadi müayinələrdən keçməsi vacibdir.
Xərçəng xəstəliyinin müxtəlif ölkələrdə qeydə alınması ilə bağlı müqayisələr aparılarkən əhalinin sayı, müayinələrə əlçatanlıq və xəstəliyin erkən aşkarlanması kimi amillər də nəzərə alınmalıdır”.
Fərid Museyibovun sözlərinə görə, şiş müəyyən ölçüyə çatana qədər xəstədə nəzərəçarpan ağrı və digər əlamətlər olmaya bilər. Lakin xəstəlik irəlilədikcə şişin yerləşdiyi orqanın fəaliyyətində problemlər yaranır və bu, qidalanmaya da təsir göstərir.
“Şiş böyüdükcə xəstənin əvvəlki kimi qidalanması çətinləşə bilər. Məsələn, şiş mədədə yerləşirsə, qida qəbuluna mane olur. Qida borusunda yarandıqda isə xəstə əvvəlcə sərt qidaları udmaqda çətinlik çəkir. Xəstəlik irəlilədikcə bu problem daha da artır, hətta su içmək belə çətinləşə bilər. Nəticədə orqanizm kifayət qədər qida qəbul edə bilmir və çəki itkisi baş verir”, – deyə həkim bildirib.
Onkoloq vurğulayıb ki, çəki itkisinin səbəbləri yalnız qida qəbulunun azalması ilə məhdudlaşmır. Xərçəng xəstələrində ağrı, iştahasızlıq, ümumi zəiflik və immun sisteminin fəaliyyətində yaranan dəyişikliklər də vəziyyəti ağırlaşdıra bilər.
Həkimin sözlərinə görə, şiş bağırsaqda yerləşdikdə qanaxma da müşahidə oluna bilər. Bu isə xəstənin ümumi vəziyyətinə mənfi təsir göstərərək zəifliyin artmasına səbəb olar.
Fərid Museyibov xəstələrin qidalanmasına xüsusi diqqət yetirməsinin vacibliyini də qeyd edib. Onun fikrincə, düzgün və vəziyyətə uyğun qidalanma müalicə prosesində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, tütün məmulatlarından və alkoqoldan istifadə xərçəngin yaranma riskini artıran amillər sırasındadır.
Sonda onkoloq vətəndaşlara müraciət edərək xəstəliyin erkən aşkarlanması üçün müayinələri gecikdirməməyə çağırıb. O. bildirib ki, vaxtında həkimə müraciət etmək və müalicə prosesinə məsuliyyətlə yanaşmaq xəstəliklə mübarizədə mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
