Aİ onlayn mərc şirkətlərinə milyardlarla avroluq yeni vergi tətbiq etməyə hazırlaşır. Lakin bu plan qumar sənayesinin əsas mərkəzlərindən biri olan Malta tərəfindən sərt müqavimətlə qarşılanıb. Məsələ artıq Avropa Parlamenti, üzv dövlətlər və iri qumar şirkətləri arasında ciddi siyasi qarşıdurmaya çevrilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” geniş təhlil dərc edib.
Sayt yazır ki, Avropa Parlamenti onlayn qumar sektoruna yeni vergi tətbiq etməklə Aİ-nin növbəti təxminən 2 trilyon avroluq büdcəsinin maliyyələşdirilməsi üçün əlavə gəlir əldə etməyi planlaşdırır.
Lakin cəmi yarım milyon əhalisi olan Malta buna kəskin etiraz edir. Ölkə hesab edir ki, yeni vergi onun iqtisadiyyatının əsas sahələrindən biri olan qumar biznesinə ağır zərbə vuracaq, qeyri-qanuni operatorların sayını artıracaq və şirkətləri Avropa İttifaqından kənara çıxmağa məcbur edəcək.
“Malta Aİ xərclərinin maliyyələşdirilməsi məqsədilə ümumavropa səviyyəsində yeni vergilərin tətbiqini qəbul etməyəcək”,-deyə Malta Baş naziri Robert Abela parlamentdə çıxışı zamanı bildirib.
Futbol əfsanəsi qumar əleyhdarına çevrildi
Məqalədə maraqlı məqamlardan biri də İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltonun (Peter Shilton) bu kampaniyanın simalarından birinə çevrilməsidir.
1986-cı il dünya çempionatında Dieqo Maradonanın məşhur “Tanrının əli” qolunu buraxan Şilton uzun illər at yarışlarına mərc etmək nəticəsində 1 milyon funt sterlinqdən çox pul itirdiyini açıqlayıb.
Hazırda qumar asılılığı ilə mübarizə aparan xeyriyyə təşkilatına rəhbərlik edən Şilton hesab edir ki, verginin artırılması qumar şirkətlərinin reklam imkanlarını azaldacaq və yeni insanları bu asılılığa cəlb etmələrinin qarşısını alacaq.
“Onların məqsədi insanların pulunu almaqdır. Hər şey bundan ibarətdir.”,-deyə Politico-ya danışan Şilton qeyd edib.
Aİ iki düşərgəyə bölünüb
“Politico” yazır ki, təşəbbüs artıq Aİ ölkələrini iki düşərgəyə ayırıb.
Fransa başda olmaqla bir sıra Qərbi Avropa ölkələri vergini dəstəkləyir.
Malta isə İspaniya, Portuqaliya və İtaliya ilə birlikdə təşəbbüsə qarşı çıxır.
Məlumata görə, bu ideya ilk dəfə Avropa Parlamentinin rumıniyalı sosialist deputatı Viktor Neqresku tərəfindən irəli sürülüb.
Avropa Komissiyasının hesablamalarına əsasən, onlayn qumar şirkətlərinin xalis dövriyyəsinə tətbiq ediləcək 3 faizlik vergi Aİ büdcəsinə hər il təxminən 1,9 milyard avro gəlir gətirə bilər.
Bu isə növbəti büdcə dövründə ümumilikdə 13 milyard avrodan çox əlavə vəsait deməkdir.
Malta niyə müqavimət göstərir?
Politico qeyd edir ki, Malta uzun illərdir onlayn qumar şirkətlərini ölkəyə cəlb etmək üçün əlverişli vergi sistemi, sadə lisenziyalaşdırma qaydaları və biznes mühiti yaradıb.
Hazırda qumar sənayesi Malta ÜDM-nin təxminən 12 faizini təşkil edir.
“Malta onlayn qumar sənayesindən Almaniyanın avtomobil istehsalından asılı olduğu qədər asılıdır”,-deyə bir avropalı diplomat Politico-ya bildirib.
Məhz buna görə Avropada fəaliyyət göstərən çoxsaylı onlayn mərc şirkətləri qərargahlarını Maltada yerləşdiriblər.
Avropa Parlamentinin sədri də diqqət mərkəzindədir
Politico yazır ki, Malta siyasətçiləri də qumar sektoruna isti münasibət nümayiş etdirirlər.
Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən il Romada keçirilən beynəlxalq qumar konfransının açılışında iştirak edib.
O, çıxışında bu tədbiri təşkil edən SiGMA şirkətinin Maltada yaradılması ilə fəxr etdiyini bildirib.
Nəşr qeyd edir ki, SiGMA şirkətinin təsisçisi Eman Pulis Metsolanın universitet yoldaşı olub.
Qumar şirkətləri nə deyir?
Avropa Oyun və Mərc Assosiasiyasının baş katibi Maarten Hayer bildirib ki, verginin artırılması insanların qeyri-qanuni mərc saytlarına üz tutmasına səbəb olacaq.
İtaliyanın Marche Politexnik Universitetinin iqtisadçısı Nikola Matteuççi isə bunun o qədər də sadə olmadığını deyib.
Onun fikrincə, vergi müəyyən həddən sonra tələbatı azalda bilər, lakin bu proses qumar sənayesinin iddia etdiyi qədər sürətli baş verməyəcək.
Qumarla mübarizə aparan təşkilatların nümayəndələri isə hesab edirlər ki, əsas məqsəd gəlir toplamaqdan çox, qumar reklamlarını azaltmaq və yeni insanların bu asılılığa cəlb edilməsinin qarşısını almaqdır.
Politico vurğulayır ki, Aİ-də bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi üçün bütün 27 üzv dövlətin yekdil razılığı tələb olunur. Bu isə Maltanın və ona dəstək verən ölkələrin etirazı fonunda kompromis əldə olunmasını kifayət qədər çətinləşdirir.\\musavat.com
