“Axios”: ABŞ Hörmüz boğazında milyonlarla barrel neftin daşındığı gizli marşrut yaradıbbackend

"Axios": ABŞ Hörmüz boğazında milyonlarla barrel neftin daşındığı gizli marşrut yaradıb

ABŞ hərbçiləri Hörmüz boğazında gizli gəmiçilik dəhlizi yaradıblar və bu dəhliz vasitəsilə hər gün milyonlarla barrel neft daşınır.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəhliz artıq bir neçə həftədir fəaliyyət göstərir. Onun sayəsində hər gecə 15–20 neft tankeri Oman sahilləri boyunca uzanan cənub marşrutu ilə boğaza daxil olur və ya onu tərk edir.

Mənbələrin sözlərinə görə, bu dəhliz vasitəsilə hər gün təxminən 10 milyon barrel neft daşınır. Bu, ABŞ ilə İran arasında müharibə başlamazdan əvvəlki həcmin təxminən yarısıdır. Boğazdan keçən neftin həcmi hələ də müharibədən əvvəlki səviyyədən aşağı olsa da, bu, dünya neft tədarükünə nəzərəçarpacaq təsir göstərir.

Mənbələrdən biri bildirib:

“Biz artıq iki aydır ki, Hörmüz boğazının cənub hissəsinə nəzarət edirik. İran İnqilab Keşikçiləri Korpusu maneə yarada bilər, lakin onlar boğaza nəzarət etmirlər.”

Axios-un məlumatına görə, əməliyyata rəhbərlik edən operativ qrup ABŞ-ın Şimali Karolina ştatında yerləşir və fəaliyyətini Fars körfəzindəki regional tərəfdaşlarla əlaqələndirir. Hər gün Fars körfəzindən çıxan gəmilərin, eləcə də Ərəb dənizindən körfəz limanlarına neft yükləmək üçün gələn boş tankerlərin siyahısı hazırlanır. Gəmilər müəyyən vaxt ərzində bir karvan şəklində ABŞ qırıcı təyyarələrinin mühafizəsi altında hərəkət edirlər.

Bundan əvvəl Bloomberg yazmışdı ki, Yaxın Şərq ölkələrinin neft ixracatçıları Hörmüz boğazı vasitəsilə gizli neft daşınmasını təşkil ediblər. Neft əvvəlcə transponderləri söndürülmüş gəmilərlə boğazdan keçirilir, sonra isə Oman körfəzində digər tankerlərə yüklənərək daşınır. Agentliyin qeydinə görə, bu cür tədarüklər dünya bazarında neftin qiymətinin bir barrel üçün 80–90 ABŞ dolları səviyyəsində qalmasına kömək edir.

ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl Hörmüz boğazından dünya üzrə daşınan neftin təxminən 20 faizi keçirdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*