Azərbaycanın digər dövlətlərlə inteqrasiyası regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır. Coğrafi mövqeyinə görə Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü rolunu oynayan ölkəmiz müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Bu inteqrasiya Azərbaycanın iqtisadiyyatı, təhlükəsizliyi, enerji siyasəti, mədəniyyəti və təhsil sahələrinin inkişafına təsir göstərir. Digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir, regional və qlobal proseslərdə iştirak imkanlarını artırır.
Azərbaycanın dəyişən beynəlxalq və regional proseslərə uyğun həyata keçirdiyi xarici siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar və dünyanın əsas güc mərkəzləri ilə apardığı müzakirələr nəticəsində Azərbaycan qlobal siyasi arenada etibarlı tərəfdaş kimi tanınıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatları ilə siyasi, iqtisadi, hərbi və sosial sahələrdə əməkdaşlıq qurub. Ölkəmizin beynəlxalq nüfuzu ilbəil artıb, regional və qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmək imkanları genişlənib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycan hər zaman dünya birliyinə inteqrasiyanı xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu siyasəti davam etdirir.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe digər dövlətlərlə münasibətlərin inkişafını xüsusi əhəmiyyətli edir:
“Azərbaycan hər zaman dünya birliyinə inteqrasiyanı xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl siyasət yürüdülüb və hazırda da həmin xətt davam etdirilir. Gələcəkdə də bu siyasətin davam etdirilməsi gözlənilir. Çünki Azərbaycan elə bir strateji coğrafi mövqedə yerləşir ki, xarici və region ölkələrinin onunla münasibətləri inkişaf etdirməkdə maraqlı olması təbiidir”.
C.Abbaslı qeyd edib ki, Azərbaycan qarşılıqlı əməkdaşlıq və etimad prinsipləri əsasında qurulan münasibətlərə müsbət yanaşır:
“Azərbaycan ona uzanan əli heç vaxt göydə saxlamır. Həmişə həmin əli tutub. Əgər qarşı tərəf sədaqətlidirsə və qarşılıqlı əməkdaşlığa sadiqdirsə, Azərbaycan da bu münasibətlərin inkişafında maraqlı olur”.
Siyasi şərhçinin fikrincə, beynəlxalq təşkilatlarla əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. O bildirib ki, müxtəlif dövrlərdə ayrı-ayrı beynəlxalq təşkilatlarla müəyyən fikir ayrılıqları yaransa da, Azərbaycan ümumilikdə beynəlxalq əməkdaşlığın inkişafında maraqlı tərəf kimi çıxış edib.
“Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsində hər zaman maraqlı olub. Bəzi hallarda beynəlxalq təşkilatların mövqelərinə cavab verməyə məcbur qalıb. Lakin istənilən halda Azərbaycan xarici ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərində öz mövqeyini və tərəfdaşlığa sadiqliyini nümayiş etdirib”, – deyə o vurğulayıb.
C.Abbaslı region dövlətləri ilə münasibətlərə də toxunaraq Azərbaycanın qonşu ölkələri hər zaman özünə yaxın tərəfdaş kimi gördüyünü bildirib.
Onun sözlərinə görə, İranla münasibətlərdə də Azərbaycanın mövqeyi müxtəlif gərginliklər fonunda dəyişməz olaraq qalıb. Rəsmi Bakı 2026-cı ilin yanvarında Azərbaycanın hava məkanının və ərazisinin hər hansı dövlət tərəfindən İrana və ya başqa ölkəyə qarşı hərbi əməliyyatlar üçün istifadəsinə imkan verilməyəcəyini açıqlayıb.
Siyasi şərhçi bunu Azərbaycanın xarici siyasətdə tərəfdaşlıq prinsiplərinə yanaşmasının nümunələrindən biri kimi qiymətləndirib:
“Azərbaycan 21 il əvvəl də bəyan etmişdi ki, öz ərazisindən İrana qarşı hər hansı hücumun həyata keçirilməsinə imkan verməyəcək. Münasibətlərin ən gərgin olduğu vaxtlarda belə bu mövqeyi nümayiş etdirdi. Son hadisələr zamanı da eyni yanaşma sərgiləndi. Praktika göstərir ki, bu, Azərbaycanın necə sadiq tərəfdaş olduğunu ortaya qoyur”.
Beləliklə, Azərbaycanın dünya birliyinə inteqrasiya siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq, qonşu və region dövlətləri ilə münasibətlərin qorunması, qarşılıqlı maraqlar əsasında tərəfdaşlıqların genişləndirilməsi əsas istiqamətlərdən biri olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

