“Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə ciddi təkan verdi.
Özbəkistanla münasibətlərimiz hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Bu münasibətlər yalnız sənədlərlə məhdudlaşmır, konkret layihələr, qarşılıqlı investisiyalar, siyasi dialoq və nəqliyyat-logistika sahəsində həyata keçirilən praktiki əməkdaşlıqla möhkəmlənir. Azərbaycan–Özbəkistan əlaqələri artıq diplomatik dostluq çərçivəsindən daha geniş məna daşıyır və qarşılıqlı etimad, siyasi iradə, iqtisadi maraqlar və ortaq strateji baxışlar üzərində qurulur”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycan və Özbəkistanın uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir.
“Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir. Burada siyasi münasibətlər iqtisadi əlaqələri, iqtisadi əlaqələr isə nəqliyyat, enerji və investisiya layihələrini tamamlayır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolu, Qərb ölkələri və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycana mütəmadi səfərləri, ölkəmizin regional liderlik mövqeyi, eləcə də nəqliyyat-tranzit imkanları Mərkəzi Asiya dövlətlərinin diqqətindədir.
Azərbaycanın coğrafi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Xəzər dənizi vasitəsilə Qafqazı Mərkəzi Asiya, Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, inkişaf etdirilən avtomobil və dəmir yolu infrastrukturu, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində iştirak Azərbaycanın tranzit əhəmiyyətini daha da artırır”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin möhkəm təməl üzərində qurulmasında ortaq tarix, mədəniyyət və dil də mühüm rol oynayır.
“Azərbaycan və Özbəkistan xalqları arasında tarixi-mədəni bağlar siyasi münasibətlərin daha möhkəm təməl üzərində inkişafına imkan verir. Bu əlaqələr yalnız dövlətlərarası münasibətlər deyil, eyni zamanda xalqlar arasında mövcud olan tarixi yaxınlığın müasir dövrdə siyasi və iqtisadi əməkdaşlığa çevrilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.
E.Səftərov vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazdakı potensialı və artan beynəlxalq nüfuzu, Özbəkistanın isə Mərkəzi Asiyadakı strateji mövqeyi və iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr iki ölkənin koordinasiyalı fəaliyyətini zəruri edir.
“Əməkdaşlıq yalnız qarşılıqlı maraqlardan irəli gəlmir. Burada qarşılıqlı inam, etibar və dərin tarixi bağlar da mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri tərəflərin regional imkanlarının bir-birini tamamlamasıdır. Azərbaycan Cənubi Qafqazın mühüm siyasi, enerji və nəqliyyat mərkəzlərindən biri kimi çıxış etdiyi halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindəndir. Başqa sözlə, iki ölkənin əməkdaşlığı bir-birini tamamlayan coğrafi və iqtisadi imkanların birləşdirilməsinə əsaslanır”.
Onun sözlərinə görə, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində intensivləşən təmaslardır.
“Bu əlaqələr yalnız Azərbaycanla Özbəkistan arasındakı münasibətlərlə məhdudlaşmır, bütövlükdə Türk dünyası ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi prosesinin tərkib hissəsidir.
Azərbaycan–Türkiyə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, Azərbaycan–Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gücləndirilməsi istiqamətində qəbul edilmiş sənədlər və Dövlətlərarası Ali Şura, Azərbaycan–Özbəkistan arasında Müttəfiqlik haqqında Müqavilə, Azərbaycan–Qırğızıstan arasında Müttəfiqlik haqqında Bəyanat, Azərbaycan–Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyanat, eləcə də Azərbaycan–Macarıstan arasında Strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Bəyanat bu istiqamətdə formalaşan yeni münasibətlər sisteminin mühüm nümunələridir”.
E.Səftərov hesab edir ki, belə əməkdaşlıq qlobal geosiyasi və geoiqtisadi çağırışlar fonunda xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, TDT çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsi alternativ nəqliyyat və ticarət marşrutlarının inkişafına, logistika zəncirlərinin dayanıqlığının artırılmasına və mümkün risklərin azaldılmasına imkan verir.
“Xüsusilə son illərdə qlobal nəqliyyat sistemində baş verən dəyişikliklər fonunda alternativ və təhlükəsiz marşrutların əhəmiyyəti daha da artıb. Ticarət yollarında təhlükəsizlik məsələlərinin aktuallaşdığı, ənənəvi marşrutlarda geosiyasi risklərin yüksəldiyi bir dövrdə Orta Dəhliz kimi alternativ nəqliyyat arteriyaları yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır.
Məhz bu baxımdan TDT çərçivəsində Azərbaycan–Özbəkistan münasibətləri olduqca dəyərlidir. Azərbaycan Özbəkistan üçün Qafqaz–Türkiyə–Avropa istiqamətində, Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiya və Çin istiqamətində mühüm tranzit tərəfdaşa çevrilə bilər.
Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan yalnız bir-birinə yük daşıyan iki ölkə deyil. Onlar daha böyük regional nəqliyyat zəncirinin iki mühüm halqasıdır. Bir ölkənin coğrafi üstünlüyü digər ölkənin coğrafi mövqeyi ilə tamamlanır. Bu isə qarşılıqlı fayda yaradır və uzunmüddətli əməkdaşlıq üçün iqtisadi zəmin formalaşdırır”.
Siyasi şərhçinin sözlərinə görə, nəqliyyat infrastrukturu siyasi və iqtisadi əməkdaşlığın fiziki təməlini təşkil edir.
“Bu səbəbdən Azərbaycan–Özbəkistan münasibətlərində nəqliyyat məsələsinə yalnız tranzit gəlirləri prizmasından yanaşmaq düzgün olmazdı. Burada daha geniş geoiqtisadi məqsəd dayanır. Məqsəd Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə daha sıx birləşdirmək, yeni ticarət marşrutları yaratmaq və region ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirməkdir.
Digər mühüm istiqamət enerji əməkdaşlığıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Özbəkistanın isə enerji sektorunda modernləşmə və yeni investisiyalara ehtiyacı iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Gələcəkdə əməkdaşlığın elektrik enerjisi, bərpaolunan enerji, yaşıl enerji və enerji infrastrukturu istiqamətlərində genişlənməsi mümkündür”.
E.Səftərov qeyd edib ki, bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilməməli olduğunu göstərir.
“Bu münasibətlər daha geniş Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi və Avrasiya nəqliyyat xəritəsində yeni imkanların formalaşması kontekstində nəzərdən keçirilməlidir.
Bu gün Azərbaycan təkcə Özbəkistanla deyil, bütün Türk dövlətləri ilə münasibətlərdə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığın yeni istiqamətləri formalaşdırılır, siyasi dialoq dərinləşir, iqtisadi və nəqliyyat əlaqələri genişlənir. TDT isə bu prosesin mühüm institusional platformalarından birinə çevrilir.
Gələcək baxımından ən böyük imkanlardan biri Türk dünyası daxilində nəqliyyat və logistika sistemlərinin daha sıx inteqrasiyasıdır. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə arasında nəqliyyat əlaqələri daha da koordinasiya edilərsə, Türk dövlətlərinin dünya ticarətindəki rolu əhəmiyyətli dərəcədə arta bilər.
Belə əməkdaşlıq tərəflər üçün yeni iqtisadi və geosiyasi imkanlar yaratmaqla yanaşı, ortaq tarixə, mədəniyyətə və dilə sahib xalqların birliyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Aynurə İsmayıl
KONKRET.az
