“Biz onları Ermənistana qaytardıq, onlar həbs etdilər”.
KONKRET.az xəbər verir ki, bu barədə İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib. Azərbaycan Prezidenti bəyan edib ki, geri qaytarılan erməni hərbi əsirlər öz vətənlərində işgəncələrə məruz qala bilərlər.
“Əsirlərin bəziləri biz onları qaytardıqdan sonra Ermənistanda həbs olundu. Bu, bizim üçün, qayıdanlar və onların yaxınları üçün çox ciddi siqnaldır. Biz onları Ermənistana qaytardıq, həbs etdilər. Ola bilər ki, bu insanlara işgəncə verəcəklər. Keçmiş məhbuslarımızın ifadələri bu insanlara vəhşicəsinə işgəncə veriləcəyini göstərir. Ona görə də daha çox adamı geri qaytarsaq, həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiqləmək olar”, – deyə Prezident bildirib.
Onun sözlərinə görə, bu il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində ermənilərin təxribatı zamanı 30 erməni hərbçisi, ötən ilin noyabrından isə ümumilikdə 40-a yaxın hərbçi əsir götürülüb. “Biz bu rəqəmləri gizlətmirik. Erməni tərəfinə əsirlərin adları, soyadları və doğum tarixlərinin siyahısı təqdim olunub. Yəni, bu barədə məlumatlıdırlar, beynəlxalq təşkilatlardan məlumatlar var, biz bunu gizlətmirik, çünki sirr yoxdur”.
Onun sözlərinə görə, Azərbaycan indiyədək 100-dən çox hərbi əsiri Ermənistana qaytarıb. Eyni zamanda o, Azərbaycan xalqına qarşı cinayətlər törədən Ermənistan hərbçilərinin məhkəmə qarşısına çıxarılaraq mühakimə olunduğunu” bəyan edib. “Beləliklə, heç bir beynəlxalq konvensiyaya görə, bu şəxslər hərbi əsir sayıla bilməz”, – deyə Əliyev vurğulayıb.
Qeyd edək ki, İlham Əliyevin bu çıxışı erməni mətbuatında da dərc olunub.
Xuraman Etibarlı,
KONKRET.az
