“Son illərdə Azərbaycan öz media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir”.
KONKRET.az apa-ya istinadən -xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.
Hikmət Hacıyev qeyd edib ki, həyata keçirilən islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, media institutlarının potensialının artırılması, etik standartların təşviqi, media savadlılığının inkişafı və medianın sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmasının dəstəklənməsinə xidmət edir.
O vurğulayıb ki, Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.
“Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş genişmiqyaslı dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər. Biz bu məlumatları yoxlayır, faktlara əsaslanan cavablar təqdim edirik. Lakin bu gün həqiqəti sübut etmək daha çətindir. Çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu yerinə yetirməli olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”.
O vurğulayıb ki, Şuşa forumu sülh quruculuğunun hər şeydən üstün olduğunu xatırladır:
“Bu forum çərçivəsində aparılan müzakirələr və fikir mübadiləsi daha güclü, daha dayanıqlı və daha məsuliyyətli qlobal informasiya mühitinin formalaşması üçün möhkəm təməl yaradacaq”, – deyə Hikmət Hacıyev əlavə edib.
