Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək istəyənlər kimlərdir? – Vahabzadənin FETÖ-yə məktubunun PƏRDƏARXASIbackend

Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirmək istəyənlər kimlərdir? - Vahabzadənin FETÖ-yə məktubunun PƏRDƏARXASI

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 2005-ci ildə Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə ünvanladığı məktubun mətni üzə çıxıb.

Maraqlıdır, Bu məktubun üzə çıxması Azərbaycan–Türkiyə siyasi münasibətlərinə təsir edə bilərmi?

Mövzuya KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, son vaxtlar bu kimi mövzuların gündəmə gətirilməsi təsadüfi deyil:

Elçin Xalidbəyli

“Belə məsələlərin intensivləşməsi göstərir ki, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətləri bəzi qlobal və Türkiyə daxilindəki qüvvələrin maraqlarına uyğun deyil. Ona görə də iki ölkə arasındakı əməkdaşlığa kölgə salmaq üçün müəyyən addımlar atılır”.

Politoloqun sözlərinə görə, Türkiyə mediasında Azərbaycana qarşı məqsədli şəkildə mənfi məzmunlu materialların artırılması da bu çərçivəyə daxildir. O, Bəxtiyar Vahabzadənin məktubunun həmin dövrün reallıqları nəzərə alınaraq qiymətləndirilməli olduğunu bildirir:

“Məktub yazılan zaman FETÖ terror təşkilatı kimi tanınmırdı. Xalq şairinin də bu təşkilatın mahiyyəti barədə məlumatlı olmaması tam təbiidir. Həmin dövrdə FETÖ təmsilçiləri dini mövqeləri ilə cəmiyyətdə geniş təbliğ olunurdular. Buna görə məktubun tarixini nəzərə almaq daha ədalətli yanaşma olardı”.

Xalidbəyli hesab edir ki, bu cür sənədlərin gündəmə gətirilməsi tamamilə başqa məqsədlər güdür:

“Belə addımlar Azərbaycan–Türkiyə münasibətlərinə mənfi təsir göstərmək üçün edilən uğursuz cəhdlərdir. Bunların heç bir real nəticə verməyəcəyi əvvəlcədən bəllidir”.

O, bildirib ki, hər iki ölkənin siyasi rəhbərliyi strateji müttəfiqliyin inkişafı xəttinə sadiqdir və bu siyasətin qarşısını heç bir manipulyativ kampaniya ala bilməz:

“Azərbaycan–Türkiyə müttəfiqliyinə qarşı bu qəbildən olan addımların təsir göstərə bilməsi mümkün deyil. Bu cəhdlərin hamısı nəticəsiz qalacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*