“Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb” – AÇIQLAMAbackend

“Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb” - AÇIQLAMA

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Onun bu arzusunu oğlu və siyasi davamçısı İlham Əliyev həyata keçirdi. O, 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandan olaraq torpaqlarımızı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Azərbaycan ordusu İlham Əliyevlə birgə tarixi ədaləti bərpa etdi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib. Deputat bildirib ki, Azərbaycanda Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir: “Ulu Öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. O, müasir Azərbaycan dövlətçiliyinin banisidir. Heydər Əliyev ictimai və iqtisadi baxımdan tamamilə fərqli dövrlərdə Azərbaycana rəhbərlik edib. Lakin burada əsas oxşarlıq onun Azərbaycan xalqına və dövlətinə misilsiz xidmətləri olub. Ulu Öndərin Azərbaycanın tarixində ən böyük xidmətlərindən biri də, Azərbaycan dilini Konstitusiayda dövlət dili kimi təsbit etdirməsidir. Çünki dil bir millətin genetik kodu olmaqla yanaşı onun milli kimliyinin əsas göstəricisidir. Azərbaycan dilini dövlət dili kimi təsdiq etmək böyük hünər idi və cəsarət tələb edirdi. Heydər Əliyev buna nail oldu”.

Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – SİYAHI

Millət vəkili bildirib ki, Heydər Əliyevin 1990-cı ilin 20 yanvar faciəsində göstərdiyi davranış sözün həqiqi mənasında qəhrəmanlıq idi: “O dövrdə Sovet hakimiyyəti Azərbaycan xalqına qarşı misilsiz cinayət törətmişdi. SSRİ hakimiyyəti qarşısındakı hər kəsi məhv etmək istəyirdi. 1990-cı ilin yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi. Onun yanında Azərbaycanın indiki Prezidenti İlham Əliyev də var idi. Heydər Əliyev özünün və oğlunun həyatını böyük risk altında qoysa da, hərbi cinayətkarlığı adı ilə çağırdı. Onları ittiham edərək beynəlxalq aləmə bu faciə haqda car çəkdi. Bu, həmin dövrdə yiyəsiz və başsız qalan Azərbaycan xalqı üçün misilsiz xidmət idi. Bununla da Heydər Əliyev xalqımızın ağsaqqalı olduğunu bir daha sübuta yetirdi. Azərbaycan xalqı Heydər Əliyevin ölkəni düşdüyü ağır böhrandan çıxara bilmək gücünü gördü”.

Elman Nəsirov qeyd edib ki, bu gün xalqımızın üzü ağ, başı isə dikdir: “1993-cü ildə Azərbaycan xalqı ağır günlərdən keçirdi. Torpaqlarımız işğal edilmişdi və ölkədə vətəndaş müharibəsi gedirdi. Belə bir məqamda xalq yenidən üzünü Heydər Əliyevə tutdu və xilaskar kimi onu ölkəyə dəvət etdi. Azərbaycan dövlətini və dövlətçiliyini xilas etmək üçün xalq Ulu Öndərə çağırış etdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə xalqımızı böyük fəlakətlərdən qorudu. Buna görə Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb. Heydər Əliyevin siyasəti bu gün də yaşayır. Prezident İlham Əliyev Azərbaycanın yeni üfüqlərini müəyyən edib. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işağldan azad edilməsi idi. Onun bu arzusunu oğlu və siyasi davamçısı İlham Əliyev həyata keçirdi. O, 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandan olaraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan ordusu İlham Əliyevlə birgə tarixi ədaləti bərpa etdi. Bu gün xalqımızın üzü ağ, başı isə dikdir. Əminəm ki, bu gün Ulu Öndərin ruhu da şaddır. Qarşımızda yeni vəzifələr dayanır. Bu amal uğrunda vətəndaş həmrəyliyi yaradılıb. İnanıram ki, Azərbaycan xalqı öz lideri ilə birgə yeni uğurlara imza atacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*