“Azərbaycanda devalvasiya gözlənilmir” – AÇIQLAMAbackend

"Azərbaycanda devalvasiya gözlənilmir" - AÇIQLAMA

Son günlər Azərbaycanda dollara tələbat kəskin artdığından cəmiyyətdə növbəti devalvasiya ilə bağlı ajiotaj yaranıb. Ona görə də insanlar daha çox dollar almağa can atır və bu da maliyyə bazarında disbalans yaradır. Əslində nə baş verir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran mütəxəssislər bildiriblər ki, bu gün ölkədə devalvasiya təhlükəsi yoxdur. Keçmiş maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, hər ilin sonunda xarici valyutaya tələbatın artmasına normal yanaşmaq lazımdır: “Bu, ilk növbədə, onunla bağlıdır ki, müxtəlif hüquqi şəxslərin borc öhdəliklərinin vaxtı, adətən, ilin sonunda başa çatır. Bu səbəbdən xarici valyutaya və ilk növbədə ABŞ dollarına təlabat ilin sonuna doğru artır və Mərkəzi Bank ilin son ayında əvvəlki aylarla müqayisədə daha çox valyuta satmağa məcbur olur”.

Ekspert “Valyutaya tələbatın artması indiki dönəmdə manatın məzənnəsinə hər hansı təhlükə yarada bilərmi?” sualına isə belə aydınlıq gətirib: “Öncə yada salaq ki, milli valyutanın məzənnəsinin təhlükəsizliyini təmin edən valyuta rezervlərimiz bu gün ümumilikdə 70 milyard dollar həddinə yaxınlaşır. Bu, bizim birillik ümumi daxili məhsulumuzun həcmi qədər təhlükəsizlik yastığı deməkdir. Qeyd edək ki, belə bir göstəriciyə demək olar ki, dünyanın barmaqla sayıla biləcək qədər ölkəsində rast gəlmək mümkündür. İkincisi, ötən ilin 10 ayının yekunlarına görə, Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 9 milyard dollardan çox olub. Və nəhayət, bizim milli valyutamız üzən məzənnəyə keçmədiyindən, bütün hallarda onun məzənnəsi Mərkəzi Bank tərəfindən idarə olunur. Sadaladıqlarımıza əsaslanıb tam arxayınlıqla deyə bilərik ki, Azərbaycanın milli valyutasını yaxın zamanlarda heç bir təhlükə gözləmir”.

İqtisadçı-ekspert Eyyub Kərimli də hər ilin sonunda dollara kəskin tələbatın olduğunu bildirib: “Dollara tələbat hələ ötən ilin noyabr ayından artmağa başlayıb. Ekspertlər bunun təbii proses olduğunu düşünürdülər. Bayramöncəsi insanlar xarici səfərlərə hazırlıq görürdülər. Digər tərəfdən, Azərbaycan şirkətləri xaricdən müəyyən məhsullar idxal edirlər ki, bu da dollara tələbatı artırır. Yanvar ayı da yeni başlayıb və tətillər davam edir. İnsanlar hələ xarici səfərlərdən qayıtmayıb.

Hesab edirəm ki, bu, təbii prosesdir və manatın sabitliyinə elə də təsir göstərməyəcək. Çox güman ki, bu ayın sonuna qədər tələbat sabitləşəcək”.
Ekspertin fikrincə, ölkədə makroiqtisadi göstəricilər sabit olduğundan qısamüddətli talatümlər və tələbatlar manatın məzənnəsinə təsir göstərmir. “Çünki bu gün kifayət qədər valyuta ehtiyatımız var. Həmçinin, ölkə büdcəsinə daxil olan valyuta həm də qaz sektorundan gəlir. Ona görə də ciddi devalvasiya gözlənilmir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də hər hansı ajiotaja səbəb görmür və dollara tələbatı hər ilin sonunda yaşanan iqtisadi proseslərlə əsaslandırır: “Diqqət edirsinizsə, hər ilin sonunda Azərbaycanda dollara tələbat kəskin artır. Bunun əsas səbəbi idxal əməliyyatlarında pul köçürmələrinin ilin sonunda intensivləşməsidir. İl sonunda hər kəs hesablaşmalar aparır, aldıqları malların dəyərini dollarla ödəyirlər. Ona görə də dollara tələbat artır. Düşünmürəm ki, bu cür hallar devalvasiyaya səbəb olsun”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*