Azərbaycanda yanğınlar – Bunu xüsusi olaraqmı törədirlər, ya başqa səbəblər var – Ekspertlər danışırbackend

Azərbaycanda yanğınlar – Bunu xüsusi olaraqmı törədirlər, ya başqa səbəblər var – Ekspertlər danışır

İlham İsmayıl: “Azərbaycanda baş verən yanğın hadisələri bəzən oliqarxlararası mübarizənin nəticəsi kimi dəyərləndirilir”

İlham İsmayıl, təhlükəsizlik üzrə ekspert

Son zamanlar ölkə gündəminə nəzər yetirdikdə “Filan ticarət mərkəzi yanaraq kül oldu”, “Filan iaşə obyektində yanğın” və sairə bu kimi  xəbər başlıqlarına rast gəlinir.  Bu cür xəbərləri oxuyarkən insanı müxtəlif suallar düşündürür. Görəsən, ölkədə niyə bu qədər çox yanğın hadisəsi baş verir? Bu hadisələr nədən qaynaqlanır? Bəlkə müəyyən qüvvələr ölkədə çaxnaşma yaratmaq üçün bilərəkdən bu cür hiyləgər vasitələrə əl atırlar? Təbii ki, bütün bu suallara cavab tapmağa çalışacağıq. Ancaq hər bir halda ölkədə iri ticarət və iaşə obyektlərində baş verən yanğın hadisələrinin sayı çoxalıb. Bunu Bakının Nizami rayonunda fəaliyyət göstərən “Diqlas” Ticarət Mərkəzində və Taxta bazarında baş verən yanğın hadisələrinə nəzər salaraq görmək kifayətdir.

Konkret.az olaraq mövzunun aktuallığını nəzərə alıb ekspertlərin fikirlərini öyrənməyə çalışdıq. Keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, bir çox ölkələrdə iri həcimli yanğın hadisələri baş verir. Azərbaycanda da bu cür hadisələrin baş verdiyi müşahidə edilir: ”Sadəcə olaraq Azərbaycanda baş verən bu kimi hadisələr bəzən oliqarxlararası mübarizənin nəticəsi kimi dəyərləndirilir. Çox təəssüf ki, bəzən adi yanğın hadisələri də cəmiyyətdə bu cür təsəvvürün yaranmasına səbəb olur. Azərbaycanda kiçik bir iaşə obyektinin  də kimlərinsə himayəsi altında olması baş verən adi hadisələrin oliqarxlararası savaşın mübarizəsi kimi dəyərləndirilməsinə gətirib çıxarır. Amma hadisənin kökü və səbəbləri araşdırıldıqda görürük ki, bu, adi təsadüf nəticəsində baş verən bir yanğın hadisəsidir və   cəmiyyətin ən böyük bəlasıdır. Ona görə də baş verən hadisələrin konkret olaraq oliqarxların mübarizəsinin, yaxud təsadüfün nəticəsi olduğunu deyə bilmərik. Düşünürəm ki, baş verən hadisələr adi bir yanğın hadisələridir. Biz baş verən hadisələrin oliqarxlararsı mübarizənin nəticəsi olduğunu nə iddia, nə də ki, istisna etmirik”.

Mahmud Hacıyev: “Obyektlərin qanuna uyğun şəkildə qorunmaması yanğın hallarının çoxalmasına təsir göstərir”

Mahmud Hacıyev, hüquqşünas

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev isə mövzunu şərh edərkən bildirib ki, sovet dönəmində bu cür hadisələrə çox az rast gəlinirdi. Çünki o dönəmdə ticarət obyektləri, bazalar və digər müəssisələr yox dərəcəsində idi: “Ticarət obyektlərinin sayının az, qorunma səviyyəsinin isə yüksək olması baş verən hadisələrin miqdarına təsir edirdi. Yəni o vaxt bütün ticarət və iaşə obyektləri dövlətin nəzarətində idi və dövlət tərəfindən qorunurdu. İndi isə özəlləşdirilmiş ticarət şəbəkələrinin sahibləri, bu obyektlərin qorunmasına yüksək məbləğdə pul xərcləmək istəmirlər. Obyektlərin qanuna uyğun şəkildə qorunmaması isə yanğın hallarının çoxalmasına təsir göstərir”.

Mahmud Hacıyevin sözlərinə görə, bu yanğınların qəsdən yaxud təsadüfdən baş verdiyini araşdırmaq üçün xüsusi dövlət qurumları fəaliyyət göstərir: “Bu gün cavabdeh orqanların infrastrukturu yüksək səviyyədə təşkil olunub. Ona görə də, baş verən hadisələri araşdırmaq və rəy vermək həmin qurumların nəzarətindədir. Amma həmin qurumların təhqiqatı necə apardıqlarını və hansı nəticəyə gəlib çıxdıqlarını heç kim deyə bilməz. Hər bir halda son vaxtlar yanğın hadisələrinin sayının artdığını müşahidə edirik. Bunun hansı səbəblərdən baş verdiyini araşdırmaq üçün ortaya analitik təhlil qoymaq lazımdır. Axı yanğınların sayı niyə və hansı səbəblərdən artır?  Ola bilərmi ki, bu oliqarxlararsı mübarizənin, yaxud ölkədə narahatlıq yaratmaq istəyən mənfur qüvvələrin işi olsun? Bütün bu suallara cavab tapmaq isə aidiyyatı qurumların işidir. Bu qurumlara qanunvericilik çərçivəsində böyük səlahiyyətlər verilib ki, onlar araşdırma apara bilsinlər. Odur ki, onlar da araşdırmanın sonu olaraq ortaya  nəticə qoymalıdırlar”.

Hazırladı: Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*