Azərbaycanın Gürcüstan, Ukrayna və Qazaxıstanın aqibətini yaşamamasının ən vacib səbəbləri – ÖZƏLbackend

Azərbaycanın Gürcüstan, Ukrayna və Qazaxıstanın aqibətini yaşamamasının ən vacib səbəbləri - ÖZƏL 

Anar Əliyev, politoloq

“Son vaxtlar Rusiya və Ukrayna arasındakı münasibətlər fonunda bir sıra Qərb dövlətləri tərəfindən Kiyevin Moskvaya qarşı qızışdırılması separatçı respublikaların Putin tərəfindən tanınması ilə nəticələndi. Artıq bir neçə gündür ki, Rusiya tərəfindən Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirilir. Bu proseslər bir daha dövlətçilik təfəkkürünü ön plana çıxarır. Xüsusilə də keçmiş Sovet respublikaları içərisində beynəlxalq dairələrin maraqlarına xidmət edən, onların oyunlarının alətinə çevrilən dövlətlərlə, özünün müstəqil xarici siyasətini qurmağı və həyata keçirməyi bacaran ölkələrin üzləşdikləri hadisələr bir sıra fərqli nümunələri önə çıxarıb. 2008-ci ildə Gürcüstanın həyata keçirdiyi siyasəti, ABŞ və onun Qərb tərəfdaşlarının Rusiyaya qarşı qurduğu oyunlarda alətə çevrilməsini, beləliklə də rəsmi Tiflisin yaşadığı aqibəti qeyd etmək olar. Ukraynanın düçar olduğu hadisələr isə onu göstərdi ki, proseslərə emosional və hisslərlə yanaşmaq, populist cavab vermək olmaz”.

Bu fikirləri KONKRET.az-a özəl açıqlamasında “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev səsləndirib. O bildirib ki, uzun illər ərzində Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan soyuqqanlı, düşünülmüş və uzaqgörən dövlət siyasətinin nəticəsidir ki, Birinci Qarabağ müharibəsində düşmənlərimizin tərəfində mövqe tutan Rusiya kimi bir dövlət, 2020-ci ildəki Vətən savaşında bizim yanımızda yer aldı: “Rusiyanın hadisələrə və haqq mübarizəmizə bitərəf yanaşması nəticəsində Azərbaycan ordusu 30 il ərzində işğal altında olan ərazilərimizi azad etdi, suverenliyimiz və ərazi bütövlüyümüz təmin olundu. Hesab edirəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan və ciddi nəticələrə səbəb olan, dövlət və xalq maraqlarının hər şeydən üstün tutulmasına xidmət edən, eyni zamanda böyük güclərin siyasətinin balanslaşdırılmasına əsaslanan xarici siyasət kursu, bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun elementlər qatılmaqla həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan regionda stabil, etibarlı tərəfdaşa, davamlı inkişafı qarşısına hədəf qoyan və bu məqsəd naminə uğurla irəliləyən bir dövlətə çevrilib. İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və ardıcıl siyasətin dəyərlər və maraqlar prizması üzərində qurulduğunu müşahidə edirik”.

Politoloq əlavə edib ki, Azərbaycan və Rusiya arasındakı münasibətləri üst səviyyəyə qaldıran Moskva Bəyannaməsinin imzalanması, rəsmi Bakının regional gücünü, həm də onun liderinin praqmatik yanaşmasını və böyük siyasi xadim olduğunu sübuta yetirir: “Azərbaycanın Gürcüstan, Ukrayna, Qazaxıstan, Moldova təcrübələrini yaşamamasının və baş verənlərdən yayına bilməsinin, eləcə də dövlət inkişafını əngəlləyən proseslərdən kənar qalmağı bacarmasının əsas səbəbkarı məhz Prezident İlham Əliyev və onun apardığı siyasətdir. Çünki ağıllı siyasət həm də dəyərlər və maraqlar arasında düzgün balansın tapılmasından keçir. Bunlardan birinə daha çox üstünlük verilməsi isə digərinin itirilməsinə gətirib çıxarır. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan dövləti Qərb dəyərlərinə istiqamətlənən siyasət yeridir” fikirlərini səsləndirməsi, eyni zamanda “Maraqlarımız qonşu dövlətlərlə mehriban siyasət yeritməyi tələb edir” ifadəsini deməsinin, eləcə də buna uyğun dövlət siyasətini həyata keçirməsinin nəticəsidir ki, Azərbaycan mövcud problemlərdən yan qaça və stabil inkişaf mərhələsinə daxil ola bilib”.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*